Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa dəstək” layihəsi çərçivəsində Dünya Bankının monitorinq missiyası Şamaxı rayonunda layihənin bir qrup benefisiarı ilə görüşüb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Layihə İcra Qrupu əməkdaşlarının iştirak etdiyi görüş zamanı qarşılıqlı fikir mübadiləsi aparılıb, kiçik bizneslərin inkişaf etdirilməsinə dair benefisiarlara müvafiq tövsiyyələr verilib. Məlumatlılığı artırmaq, nəzərdə tutulmuş hədəf kateqoriyaları layihəyə cəlb etmək məqsədilə Şamaxı şəhərində ictimai dinləmə keçirilib.
İşaxtaran və işsiz, o cümlədən öz biznesini qurmaq istəyən şəxslərin iştirakı ilə baş tutan tədbirdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi barədə ətraflı məlumat verilib. Layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqramın gözlənilən faydaları, müraciət və iştirak qaydaları diqqətə çatdırılıb.
Layihə çərçivəsində öz bizneslərini qurmuş benefisiarların uğur hekayələrini əks etdirən videoçarxlar nümayiş olunub.
Görüşün yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, eləcə də layihə çərçivəsində öz biznesini qurmaq istəyən şəxslərə müvafiq tövsiyələr verilib.