Ombudsman Aparatının əməkdaşları Almaniyada əlilliyi olan şəxslərin hüquqları ilə əlaqədar keçirilən tədbirlərdə iştirak ediblər

post-img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sektorunun müdiri Aytən Tarverdiyeva və həmin sektorun baş məsləhətçisi Şəhla Aslanova Almaniya Federativ Respublikasının paytaxtı Berlin şəhərində keçirilən Milli İnsan Hüquqları İnstitutlarının Avropa Şəbəkəsinin (ENNHRI) Əlilliyi olan şəxslərin hüquqları üzrə İşçi Qrupunun növbəti iclasında, habelə Qlobal Əlillik Sammitində iştirak ediblər.

Xarici ölkələrin və beynəlxalq təşkilatların 30-dan çox nümayəndəsinin iştirak etdiyi ENNHRI-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə İşçi Qrupunun növbəti görüşü zamanı keçirilmiş sessiyalarda Aparatın əməkdaşları Azərbaycan Ombudsmanının əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi, təşviqi, monitorinqi üzrə mandatı, şikayətlərin araşdırılması və təhlili, maarifləndirmə tədbirləri, müəssisələrə keçirilən başçəkmələr, müstəqil monitorinq qruplarının formalaşması ilə bağlı görülən işlər, mina partlayışlarının səbəb olduğu əlillik halları, Ombudsmanın sonuncu illik məruzəsində əlilliyi olan şəxslərin hüquqları ilə bağlı yer alan təkliflər, habelə psixi sağlamlıq və insan hüquqları sahəsində işçi qrupunun yaradılması barədə məlumat veriblər.

Bununla yanaşı, Ombudsman Aparatının əməkdaşları dünyanın müxtəlif ölkələrindən 2000-ə yaxın iştirakçının qatıldığı, Almaniya və İordaniya hökumətinin, Beynəlxalq Əlillik Alyansının birgə təşkilatçılığı ilə keçirilən Qlobal Əlillik Sammitində iştirak ediblər. Sammit çərçivəsində inklüziv əmək mühitinin formalaşması, təhsil sistemlərində əlçatanlığın təmini, infrastrukturun müyəssərləşdirilməsi, ictimai həyatda və qərarvermə proseslərində əlilliyi olan şəxslərin iştirakçılığının təşviqi ilə bağlı geniş müzakirələr aparılıb. Tədbirdə yekun sənəd olaraq qlobal səviyyəli inklüzivliyə nail olunmasına yönəlmiş Əmman-Berlin Bəyannaməsi qəbul edilib.



Sosial həyat