“Rəqəmsal məktəb” platformasına “SİMA İmza” ilə giriş təmin edilib

post-img

Azərbaycanda onlayn təhsil platforması olan “Rəqəmsal məktəb” fəaliyyətə başlayıb. İlkin mərhələdə Bakı məktəbləri üçün tətbiq edilən platformaya “digital.login” vahid giriş sistemi üzərindən “SİMA İmza” ilə giriş təmin edilib.

“AzInTelecom” MMC-dən bildirilib ki, platformada “Şagird”, “Valideyn”, “Müəllim” və “Məktəb rəhbəri” üçün fərdi kabinetlər mövcuddur. Bu da hər bir istifadəçi qrupunun ehtiyaclarına uyğun fərdi funksionallıq təqdim edir. Platformada şagirdlər dərslər və ev tapşırıqları ilə tanışolma, valideynlər övladlarının dərsləri ilə bağlı fəaliyyət və nəticələrinin izlənilməsi, müəllimlər elektron jurnal platformasına çıxış, məktəb rəhbərləri isə tədrisin effektivliyi, qiymətləndirmə və s. kimi imkanlar əldə edəcəklər.

“Rəqəmsal məktəb” platforması təhsil sistemində müasir texnologiyaların tətbiqi ilə yanaşı, tədris və idarəetmə proseslərini təkmilləşdirmək, həmçinin təhsildə şəffaflığı artırmaq məqsədi daşıyır.

SİMA yeni nəsil rəqəmsal imza ilə vətəndaşların xidmət mərkəzlərindən asılılığına son qoyulur, qurumların iş yükü və xərcləri azalır. “SİMA İmza” mobil tətbiqini yükləməklə əldə olunan yeni nəsil rəqəmsal imza vətəndaşlar üçün ödənişsizdir.

Daha ətraflı məlumatı sima.az saytından və 157 - Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar.

Sosial həyat