Kapitan: Aprel döyüşlərindən yadigar qalan qəlpə hələ də başımdadır

post-img

Məlum olduğu kimi, Aprel döyüşləri 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə başladı. Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalmasına qarşılıq olaraq Ali Baş Komandanın əmrinə əsasən əks-hücuma keçdik. Dördgünlük müharibə adlanan həmin döyüşlərdə Ağdərə rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Döyüşlərin ilk saatlarından Azərbaycan Ordusu mühüm nailiyyətlər əldə etmişdi. Belə ki, bir neçə saat ərzində Ohanyan xəttini yarıb, düşməni məhv etmiş və bəzi strateji yüksəklikləri ələ keçirmişdik.

Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Ordusunun ehtiyatda olan zabiti, kapitan Hikmət Məmmədov deyib.

Müharibə ilə bağlı xatirələrini bölüşən Aprel döyüşləri qazisi fikirlərinə belə davam edib: “Düşmən öz yaralanan və ölən hərbi qulluqçularını döyüş meydanında qoyub qaçırdı. Azərbaycan Ordusunda isə tamam başqa bir ab-hava hökm sürürdü. Ağır yaralanan döyüşçülər də savaş meydanından çəkilmək istəmir, var-qüvvələri ilə sonacan mübarizə aparırdılar. Şahidi olduğum hadisələrdən biri o idi ki, mərmi partlayışı nəticəsində qəlpələr ordumuzun zabiti Afiq Rizvanlının bir ayağını ağır yaralamışdı. Onun çəkməsinə qan dolsa da, döyüşdən çıxmırdı. Qan itkisindən səhhəti getdikcə pisləşirdi, ilkin tibbi yardım edilərək döyüş zonasından təxliyə edildi. Bu, onu göstərir ki, bizim qürurlu döyüş yolu keçmiş zabitlərimiz var.

Aprelin 2-də gecə Lələtəpənin sağ tərəfində düşmən tərəfindən atılan mərminin yanıma düşüb partlaması nəticəsində yaralandım. Yaralanan zaman əvvəlcə hiss etmədim. Ümumiyyətlə, qəlpə, güllə insana dəyəndə ilk dəqiqələrdə ağrı hiss eləmirsən, sadəcə bir az şok yaşayırsan. Elə bildim ki, məni mərminin dalğası tutub. Nə qədər cəhd etsəm də yerdən qalxa bilmədim. Zabit yoldaşımı kömək üçün səslədim. Sən demə başımdan ağır yaralanmışam, kəllə sümüyüm sınıbmış. Qəlpə qarnımı, ayaqlarımı, çənəmi - bütün bədənimi tutubmuş.

Döyüşlər zamanı qolumuza ağ sarğı bağlamışdıq ki, gecə vaxtı öz hərbi qulluqçularımızı tanıyaq. Zabit yoldaşım həm öz qolundakı, həm də mənim qolumdakı ağ sarğıları açıb üzümü sildi. Çünki başımdakı yaradan qan dayanmadan üzümə axırdı. Ondan sonra Füzulidəki hospitala təxliyə olundum, orada ilkin tibbi yardım göstərildi. Sonra helikopterlə Bakıda Silahlı Qüvvələrin Baş Klinik hospitalına gətirildim. Üç gün komada qaldım. Ayılanda səsim çıxmırdı, yaddaşım itmişdi. Yavaş-yavaş hamısı bərpa olundu. Lakin açıq kəllə-beyin travması ilə ehtiyata buraxıldım. Aprel döyüşlərindən yadigar olan qəlpə hələ də başımda qalır. Sümük defekti var, səhhətimə görə plastiklə əvəz olunmayıb. Səhhətim qaydasında olsa da ara-sıra ağrılar olur, müalicə davam edir.

Aprel döyüşlərindən əlavə, müxtəlif vaxtlarda keçirilən hərbi əməliyyatlarda, döyüş tapşırıqlarında iştirak etmişəm. Lakin Aprel döyüşləri ən əsas və uğurla tamamladığım sınağım oldu".

Aprel döyüşlərinin Zəfərə aparan yol olduğunu qeyd edən H.Məmmədov dördgünlük müharibədə Azərbaycan Ordusunun düşmənə öz gücünü göstərdiyini diqqətə çatdırıb: "Biz həmin döyüşlər zamanı torpaqlarımızı tezliklə azad edəcəyimizə dair mesaj vermiş olduq. Bundan sonra Tovuz istiqamətində gedən döyüşlər, ardınca Vətən müharibəsi. 2022-ci il Azərbaycan-Ermənistan sərhədində baş verən təxribatlar və nəhayət 23 saat 43 dəqiqəlik antiterror əməliyyatlarında biz düşməni və onun tör-töküntülərini layiqli şəkildə yerinə oturtmağı bacardıq. Onlar hələ Aprel döyüşləri zamanı elə hesab edirdilər ki, Birinci Qarabağ savaşındakı kimi, təchizatı zəif olan ordu ilə qarşılaşacaqlar. Lakin tamam əksini gördülər. Hər zaman deyirdilər ki, biz gəlib Bakıda çay içəcəyik. Prezident İlham Əliyevin dediyi kimi, onlar gəlib istintaq təcridxanasında çay içirlər.

Dördgünlük müharibə zamanı döyüşdüyüm ərazilərə sonradan getdim. Həmin ərazilərə ayaq basanda öz Ordumuzla, dövlətimizlə bir daha fəxr elədim. Düşmən öz qarşısında rəşadətli Ordu, yenilməz xalq gördü. Biz hər birimiz Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi sıx birləşdik və tarixi torpaqlarımızı işğaldan azad etdik. Allah Ordumuzu, dövlətimizi, millətimizi qorusun. Qalib Ordunun bir mənsubu olmaqdan qürur duyuram”.



Sosial həyat