Gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinin ən yüksək səviyyədə təşkili, onların vətənpərvər, bilikli, savadlı şəxsiyyət kimi yetişməsi istiqamətində Azərbaycan dövləti mühüm işlər görür. Bu məsələ işğaldan azad edilmiş ərazilərimizdə də diqqət mərkəzində saxlanılır. Bu bölgələrimizdə bir çox uşaq təhsil-tərbiyə müəssisələrinin yaradılması prosesinin geniş vüsət alması bunu aydın nümayiş etdirir. Belə müəssisələrdən biri də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ötən gün açılışı olan Ağdam rayon Sarıcalı kənd körpələr evi-uşaq bağçasıdır.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, müasir standartlara uyğun inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçasında azyaşlıların təlim-tərbiyəsi və onların sağlam mühitdə yetişmələri üçün hər cür şərait var. Bağçanın binasında 2 blokdan ibarət olmaqla 1 və 2 yerüstü mərtəbə və zirzəmi mövcuddur. Uşaq bağçasında 5 ədəd 20 yerlik qrupların fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılıb. Binanın tərkibində 3 ədəd yataq otaqları, 2 ədəd oyun otağı, soyunub-geyinmə, musiqi və idman zalları, müəllimlər üçün iş və metodik otaqlar var. Burada, həmçinin tibb, camaşırxana və qidanın hazırlanması üçün otaqlar, hər bir qrup üçün ayrı sanitar qovşağı, yardımçı otaqlar da mövcuddur. Otaqların hamısı zəruri avadanlıqla təchiz olunub. Burada balacaların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafının təmin edilməsi, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması kimi meyarlara xüsusi diqqət yetiriləcək.
Bağçanın ərazisində uşaqların əylənməsi üçün meydança yaradılıb, müxtəlif attraksion və idman qurğuları quraşdırılıb, geniş abadlıq işləri görülüb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.