Türkiyənin ailə və sosial xidmətlər naziri Qarabağ müharibəsi şəhidlərinin övladları ilə görüşüb

post-img

Türkiyənin ailə və sosial xidmətlər naziri Özdemir Göktaş Ankarada Qarabağ müharibəsi şəhidlərinin övladları ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Azərbaycandan olan şəhid ailə üzvlərinin Türkiyəyə səfəri “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən təşkil olunub.

Görüş iştirakçılarına müraciət edən türkiyəli nazir Türkiyə-Azərbaycan qardaşlığının və birliyinin sarsılmaz olduğunu vurğulayıb.

“Bizim köklərimiz eynidir. Türkiyə və Azərbaycanın taleyi bir-birinə sıx bağlıdır. Biz kədərdə də, sevincdə də birlikdəyik. Vətən uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimiz övladlarını bizə vəsiyyət edib”, - deyən Göktaş iki ölkə arasında qardaşlığın, dostluğun və həmrəyliyin daha da möhkəmlənməsi üçün qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb.

Nazir uşaqlara Türkiyəyə səfərlərinə görə təşəkkür edib, səfərlə bağlı xatirələrin onların yaddaşında əbədi qalacağına ümidvar olduğunu bildirib.

Görüşdə Azərbaycanın Ankaradakı səfirliyinin əməkdaşları iştirak ediblər.

Görüşdən sonra sosial şəbəkədə paylaşım edən türkiyəli nazir şəhid övladlarına dəstək olmaq üçün əlindən gələni etməyə daim hazır olduğunu söyləyib.







Sosial həyat