Azərbaycanın Qırğızıstandakı səfirliyi tərəfindən Bişkek şəhərində Novruz bayramına həsr edilmiş tədbir keçirilib.
Səfirlikdən XQ-ə bildirilib ki, tədbirdə çıxış edən səfir Lətif Qəndilov Novruzun Azərbaycanın, həmçinin bir çox Şərq xalqlarının qədim və önəmli bayramlarından biri olduğunu deyib, Azərbaycanda Novruz ənənələri barədə danışıb.
Diplomat Azərbaycan-Qırğızıstan ikitərəfli münasibətlərinin bütün istiqamətlərində, o cümlədən mədəni sahədə yüksək səviyyədə olduğunu bildirib, ötən il aprelində Azərbaycanda Qırğızıstan Mədəniyyət Günlərinin yüksək səviyyədə keçirildiyini, bu il aprelin 20-25-də Bişkekdə Azərbaycan Mədəniyyəti Günlərinin keçiriləcəyini vurğulayıb. O, belə mədəni tədbirlərin xalqlarımız arasında münasibətlərin inkişafına böyük töhfə verdiyini bildirib.
Ötən ilin noyabrında Azərbaycanın dünyanın ən böyük tədbirlərindən olan COP29-a uğurla ev sahibliyini etdiyini və COP29 çərçivəsində mühüm sənədlərin qəbuluna nail olduğunu xatırladan səfir bu nailiyyətin ölkəmizin beynəlxalq aləmdə nüfuzunu artırdığını diqqətə çatdırıb. O, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu müasir müstəqil Azərbaycanın ilk Konstitusiyasının 30 illiyi ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edildiyini xatırladaraq, bu Konstitusiyanın xalqımızı dövlətçilik ətrafında sıx birləşdirdiyini deyib.
Sonra Qırğız Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq təşkilatlar departamentinin direktoru Melis Mamadalyev çıxış edərək Qırğız Respublikası ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib, Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.
Daha sonra Tacikistanın Qırğız Respublikasındakı səfiri Nazirmad Alizoda və Qırğız Xalqları Assambleyası Şurasının sədri Almambet Mutubraimov çıxış edərək təbriklərə qoşulublar.
Şənlik boyu qonaqlara Azərbaycanın milli rəqsləri, Novruz bayramı ilə bağlı musiqili videoçarxlar, milli mətbəximizin ləziz yeməkləri təqdim edilib.
Bayram tədbirində XİN-in əməkdaşları, Qazaxıstanın, Özbəkistanın, Türkmənistanın, Pakistanın, İranın bu ölkədəki səfirləri, Macarıstanın müvəqqəti işlər vəkili, Qırğız Respublikası parlamentinin üzvləri, Azərbaycan-Qırğız investisiya fondunun həmsədri İqbal Babayev, Şimali Kiprin Türk Cümhuriyyətinin ticarət nümayəndəsi, TİKA-nın Bişkekdəki nümayəndəsinin müavini, Qırğız Respublikasının sabiq xarici işlər naziri, Çingiz Aytmatov adına “İssık-Kul Forumu” Beynəlxalq ictimai birliyinin prezidenti Askar Aytmatov, Azərbaycan diasporunun üzvləri, Bişkekdə təhsil alan azərbaycanlı tələbələr, yerli ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, səfirliyin Novruz bayramı ilə əlaqədar keçirdiyi tədbir Qırğız mətbuatında da geniş işıqlandırılıb.