İslam İnkişaf Bankı türkdilli dövlətlərdən və üzv ölkələrdən tələbələr üçün yeni təqaüd layihəsi təqdim edib. Kompleks proqram Türkiyənin nüfuzlu universitetlərində təhsil almaq istəyənlər üçün yeni fürsətdir.
Azərbaycanlı tələbələrin də iştirakına imkan verən təqaüd proqramı haqqında XQ-yə məlumat verən Bilkent Universitetinin professoru, Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı Elm Adamları Dərnəyinin rəhbəri Əmirulla Məmmədov bildirib:
– Bu təqaüd bakalavr, magistratura və doktorantura pillələrində təhsil almaq istəyən tələbələrə veriləcək. Müraciət üçün 2025-ci ilin mart ayının 10-dan 20-dək Türkiyə Türk Dünyası Maarif Vəqfinin (YTB) rəsmi veb-saytında qeydiyyatdan keçmək lazımdır.
Proqramın əsas məqsədi İslam İnkişaf Bankına üzv ölkələrdən, o cümlədən Türk dövlətlərindən Türkiyədə təhsil almaq istəyənlərin bilik və bacarıqlarını artırmağa dəstək verməkdir. Bu proqram həmin tələbələrin təhsil xərclərini qarşılamaqla yanaşı, onların Türkiyədə həyat şəraitini asanlaşdırmaq üçün müxtəlif imkanlar da təqdim edir.
Professor qeyd edib ki, təqaüd proqramı Türkiyədə təhsil almaq istəyənlər üçün üstün imkanlar yaradır. Azərbaycan da daxil olmaqla, İran, Misir, İraq, Somali, Qazaxıstan, Qırğızıstan, Əfqanıstan, Tunis, Mali, Pakistan və s. 56 ölkənin tələbələri taqaüd proqramından yararlana bilərlər. Ətraflı məlumatları Türkiyə Türk Dünyası Maarif Vəqfinin rəsmi veb-saytından almaq mümkündür.
Namiq QƏDIMOĞLU
XQ