Elan olunmamış Qarabağ müharibəsi başlananda Azərbaycan dövlət müstəqilliyini yenicə bərpa etmişdi. Ölkənin iqtisadiyyatı iflic vəziyyətində idi. Ordumuz yenicə təşkil olunurdu. Bir yandan da daxili çəkişmələr səngimirdi. Fürsətdən istifadə edən erməni millətçiləri yeni torpaqlar qoparmaq iddiası ilə Qarabağda terrorlar törədir, Azərbaycan kəndlərini atəşə tuturdular... Səmasında qara buludlar dolaşan yurdumuz qeyrətli oğullarının ümidinə qalmışdı və onlar Vətənin müdafiəsinə qalxdılar. Azərbaycanın hər yerindən könüllü dəstələr Qarabağa yollandı. Çoxu da silah-sursatsız, Vətən sevgisi, ürəklərinin hökmü ilə...
Könüllülərin cərgəsində Qax rayonunun övladları da vardı. Onlardan biri Zəyəm kənd sakini Famil Sirac oğlu Əmranovdur. Famil 1966-cı ildə sadə bir ailədə dünyaya göz açıb. Kənd orta məktəbinin məzunu olub. Əsgər yaşı çatanda Sovet ordusu sıralarında xidmətə çağırılıb. İki il Uzaq Şərqdə – Xabarovskda xidmət edib. 1986-cı ildə doğmalarının yanına qayıdıb, bir neçə il təsərrüfatda çalışıb. Birinci Qarabağ müharibəsi başlananda cəbhəyə könüllü gedib, 1991-ci ildən 1993-cü ilin əvvəlinə kimi Ağdam–Xocavənd istiqamətində döyüşüb. Famil o illəri belə xatırlayır:
– O vaxt Qarabağ müharibəsində Azərbaycanın hər guşəsindən gələn igid oğullar könüllülərdən ibarət batalyonların tərkibində vuruşurdular. Silah-sursatımız çatışmırdı. Çox şəhid verirdik, amma düşmənə arxa çevirib qaçmırdıq, çətin məqamda əlbəyaxa da vuruşurduq. 1993-cü ildə Ulu öndərin yenidən Azərbaycana rəhbərliyə qayıtması vəziyyəti dəyişdi. Nizami ordu formalaşandan sonra könüllülər tərxis edildi. Mən də kəndə qayıtdım. Ancaq özümü təqsirkar bilirdim. Gecələr kabusum olmuşdu: Qollarım arasında döyüş dostlarımın “Vətən sağ olsun!”– deyərək şəhid olmasını, yaralı döyüşçülərimizin son nəfəsinədək vuruşduğunu unuda bilmirdim. Qanları yerdə qalmışdı igid oğullarımızın. Düz 30 il bu göynərtini içimdə yaşatdım. Amma inanırdım! İnanırdım ki, gec-tez düşməndən qisas alınacaq, torpaqlarımız işğaldan azad ediləcək. Və o gün gəldi. 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitlərinin şücaəti, xalqımızın birliyi, Ali Baş Komandanımızın qətiyyəti ilə qazanılan tarixi Qələbə! Ordumuz bir daha sübut etdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Tarixi qələbəmiz hamımızı sevindirdi. Bu qələbə sevincindən Birinci Qarabağ müharibəsində döyüşən biz könüllülərə də pay düşür.
Bizim yarımçıq qoyduqlarımızı oğullarımız tamamladılar. Mən özümü xoşbəxt sanıram, iki oğlum 44 günlük Vətən müharibəsinin döyüşçüsü olub. Özü də mənim döyüşdüyüm istiqamətdə vuruşublar. Bu gün onların hər ikisinin sinəsini döyüş medalları bəzəyir. Oğullarım mənim şəhid dostlarımın da intiqamını alıblar.
... Birinci Qarabağ müharibəsinin iştirakçısı Famil Sirac oğlu Əmranovun qəhrəman oğulları–Ramil və Xudaverdi qardaşları. Onlar hələ kiçik yaşlarından atalarının içində yaşatdığı göynərtinin ağırlığını duyaraq Vətən sevdalısı olmuşlar...
Famil Əmranov ordudan tərxis olunduğu 1993-cü ildə ailə qurub. Hələ cəbhəyə getməmişdən qabaq sevmişdi Cəmiləni. Atası Sirac kişi oğluna toy edib, Cəmiləni gəlin gətirir. 1994-cü il yanvarın 14-də ailənin ilki–Ramil dünyaya göz açır. Ramil Zəyəm kənd məktəbində təhsil alıb. Məktəbdə tez-tez müharibə iştirakçıları ilə keçirilən görüşlər, Qarabağla bağlı tədbirlər və bir də atasının hər fürsətdə döyüş yolu, itirdiyi dostları haqqında yanğı ilə söylədikləri onun uşaq qəlbində bir intiqam alovu şölələndirmişdi...
– Mən hələ uşaqlıqdan “Marş irəli, Azərbaycan əsgəri!” mahnısının sədaları altında sevmişəm Vətənimi. Kəndimizdən orduda xidmət edən yüksək rütbəli zabitlər çoxdur. İldə bir dəfə onlarla görüşərdik. Polkovnik-leytenantlar İlham Feyzullayevin, Kənan Qurbanovun, Vidadi Şamilovun və mayor Yusif Şabanovun məktəblilər qarşısında çıxışları, geyimləri, hətta yerişləri məni valeh edərdi. Qərara almışdım ki, mən də onlar kimi hərbçi olacağam. 8-ci sinifi bitirib, 2009-cu ildə C.Naxçıvanski adına Hərbi Liseyə qəbul olundum. Atam onda hamıdan çox sevinirdi: – onun oğlu da zabit olacaq. 2012-ci ildə liseyi bitirib H.Əliyev adına Ali Hərbi Məktəbə qəbul olundum. 2016-cı ildə motoatıcı ixtisası üzrə bitirib, quru qoşunlarında taqım komandiri kimi Qarabağ bölgəsində xidmətə başladım. 2018-ci ildə bölük komandiri vəzifəsinə təyin edildim...
...2020-ci il sentyabrın 27-də Ramilin bölüyü Cəbrayıl-Cocuqmərcanlı istiqamətində hücuma keçir. Bölük komandiri Ramil Siraclı döyüşə həmişə öndə gedir. Oktyabrın 4-də gecə Füzuli rayonunun Horadiz kəndi uğrunda əməliyyat zamanı düşmənlə əlbəyaxa vuruşurlar. Düşmənin atdığı əl qumbarası Ramilin ayaqları altında partlayır. Bölük komandiri iki ayağından yaralanır. Həmin döyüşdə bir əsgəri şəhid olur. Özü isə ağır yaralanır.
–Sağ qalmağım möcüzə idi. Düz dörd saat təxliyə oluna bilmədim. Uşaqlar məni ölümün əlindən aldılar. Qanaxmanı saxlamışdılar. Səhərə yaxın təcili Bakıya hərbi hospitala göndərildim. Yaralarım sağalar-sağalmaz, noyabrın 9-da yenidən hərbi hissəyə qayıtdım. Hissəmiz artıq Xocavənddə idi. Ertəsi gün müharibə dayandı. Xidmətim isə davam edirdi.
...2021-ci ildə baş leytanant Ramil Siraclı komando hərbi hissəsinə göndərilir. Hadrutda xüsusi təyinatlı kimi xidmət edir. 2023-cü ildə isə kapitan rütbəsi alır. Gənc zabit 2023-cü ilin sentyabrın 19-da antiterror əməliyyatı zamanı yenidən ağır yaralanır. Gecə hücuma keçən xüsusi təyinatlılarımız düşmən tələsinə düşmüşdülər, Ramilə həmin döyüşdə 3 snayper gülləsi dəymişdi. Gecə saat 2-də yaralanan kapitanı səhərə yaxın təxliyə etmək mümkün olur. Şuşada hospitalda təcili əməliyyat edilir, daha sonra Bakıya göndərilir. Düz dörd ay hərbi hospitalda müalicə alan Ramil Siraclı 2024-cü ilin aprelində III dərəcəli Qarabağ əlili kimi ordudan tərxis olunur. Onun yüksək rütbəli zabit olmaq arzusu, beləcə, yarımçıq qalır.
Azərbaycan Silahlı Qüvvələrinin kapitanı Ramil Siraclı ağır döyüşlərdə–gizir İmran İsmayılov (beyləqanlı), leytenant Cavid Hüseynov (naxçıvanlı), əsgər Fərid Nuruzadə (biləsuvarlı) kimi igid və sədaqətli dostlar qazanıb. Qardaşı kimi sevdiyi, şamaxılı əsgər Yusif Əliyevin döyüşdə şəhid olması onu sarsıdıb. O, bir ömür boyu Yusifi ehtiramla xatırlayacaqdır.
...44 günlük müharibədə qardaşımla eyni cəbhədə döyüşürdük, O da xüsusi təyinatlılardan idi. Mənim yaralandığımı gördü, lakin mövqeyindən ayrılmadı. Onun mövqeyindən ayrılması düşmənə fürsət verərdi. Təxliyə ediləndən sonra qardaşımla telefonla danışdım. Vəziyyətim yaxşı deyildi. Hər şey ola bilərdi. Qardaşıma tapşırdım ki, evdəkilərə yaralandığımı deməsin.
Anti-terror əməliyyatı zamanı ikinci dəfə yaralandım. Bədənim dəlik-deşik olmuşdu. 4 saat təxliyə üçün gözlədilər. Bu dörd saatda 30 illik həyatım göz önündən gəlib-keçdi. Hissədə tək mən evli idim. Oğlum Özcanın 4 yaşı var idi. Hey dua edirdim ki, oğlum yetim qalmasın. Ancaq onu da düşünürdüm ki, şəhid olsam oğlum, ailəm Vətən yolunda şəhidliyimlə fəxr edəcəklər…
Böyük qardaşı Ramildən 4 yaş kiçik olan Xudaverdi Siraclı 1998-ci ildə anadan olub. Zəyəm kənd məktəbində 9-cu sinfi bitirib, təhsilini Qax Peşə Liseyində davam etdirib. 2016-cı ildə həqiqi hərbi xidmətə çağırılıb, xüsusi təyinatlı bölükdə xidmət edib. Xüsusi təyinatlıların kursunu keçib. Xidmət müddəti başa çatandan sonra müqavilə ilə hərbidə qalıb. 44 günlük Vətən müharibəsində Xudaverdinin döyüş yolu Füzulidən başlayıb, Cəbrayıl, Xocavənd, Hadrut və Şuşaya qədər uzanıb. 2021-ci ildə müqaviləsinin müddəti başa çatır və o, Qaxa qayıdır. Hazırda Qax Rayon Polis Şöbəsinin əməkdaşıdır.
Döyüşlərdə göstərdikləri igidliyə və şücaətə görə hər iki qardaş dövlət tərəfindən təltif olunub. Ehtiyatda olan kapitan Ramil Siraclı “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, habelə “Vətən müharibəsi iştirakçısı”, 3 dərəcəli “Qüsursuz xidmətə görə”, “Azərbaycan Silahlı Qüvvələrinin 100 illliyi (1918-2018)” medalları ilə təltif olunub.
Xudaverdi Siraclı isə “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətdə fərqlənməyə görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir.
Birinci Qarabağ müharibəsi qazisi Famil Əmranov oğulları ilə fəxr edir. Onun 30 il içində yaşadığı acılarını indi qürur hissi sağaldıb. Vətən üçün belə oğullar böyüdən Famil xoşbəxtdir.
Belə bir deyim var: “Oğullar ataların davamçılarıdır.” O ata xoşbəxtdir ki, onun yarımçıq qoyduqlarını oğulları tamamlaya bilirlər. Famil kimi ataların da yarımçıq qoyduqlarını oğulları başa çatdırdılar, düşməni torpaqlarımızdan birdəfəlik qovdular. Belə oğulları olan hər atanın öyünməyə haqqı var.
Xavər ƏFƏNDİYEVA,
Qax rayonu, “Şəlalə” qəzetinin redaktoru