2025-ci ilin yanvar–fevral aylarında ölkədə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 958,6 milyon manatdan çox olub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatında bildirilir ki, bu mənbədən ödəmələr əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,1 faiz və ya 96 milyon manatdan çox artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 15 faiz artaraq 648,4 milyon manatdan çox təşkil edib.
Qeyd edilib ki, işsizlikdən sığorta haqları üzrə daxilolmalar 2024-cü ilin müvafiq dövrünə nisbətən 15,7 faiz artaraq 34,4 milyon manata çatıb. Qeyri-büdcə təşkilatları üzrə ödəmələr isə 17,2 faiz artıb və 26,7 milyon manat təşkil edib.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz artaraq 171 milyon manata yaxın olub. Qeyri-büdcə təşkilatları üzrə ödəmələr 10,8 faiz artaraq 122 milyon manata yüksəlib.