Azərbaycan qadınlarının sülh istəyi BMT sessiyasında səsləndirilib

post-img

Azərbaycanda qadınlar əhalinin 50 faizdən çoxunu təşkil edir. Bütün ölkələrdə olduğu kimi, bəzi sahələrdə qadınlar daha geniş, bəzi sahələrdə daha az təmsil olunublar.

AZƏRTAC xəbər verir ki, bu barədə Nyu-Yorkda səfərdə olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-də Qadınların Statusu Komissiyasının 69-cu sessiyasında çıxışı zamanı deyib.

O, dövlət komitəsi başda olmaqla digər dövlət orqanları ilə birlikdə əlaqələndirilmiş fəaliyyətin nəticələri barədə məlumat verib: “Azərbaycanda ötən il bütün səviyyələrdə seçkilər keçirilib və bu prosesdə qadınlar daha geniş şəkildə təmsil olunublar. Onlar həm siyasi partiyaların aktiv seçki hüququndan istifadə edən üzvləri kimi, həm seçkili orqanlarda vəzifə daşıyıcıları kimi, həm seçki komissiyalarında seçkinin təşkili işinə, eləcə də müşahidə prosesinə daha geniş şəkildə qatılaraq bu prosesə çox böyük töhfə veriblər. Azərbaycanda bütün səviyyələrdə seçkilər yüksək səviyyədə demokratik, azad və sərbəst keçirilib və nəticələr də cəmiyyətimiz tərəfindən qəbul olunub və indi artıq Azərbaycan öz inkişafının yeni bir dönəmindədir”.

Komitə sədrinin sözlərinə görə, hökumətlər bu istiqamətdə siyasətlərini, proqramlarını elə qurmalıdırlar ki, qadınlar vətəndaş hüquqlarından, sosial hüquqlarından daha geniş şəkildə istifadə edə, hamı üçün yaranmış bərabər şərait və bərabər imkanlardan yararlana bilsinlər.

Bahar Muradova Azərbaycanın 5 ildir öz suverenliyini təmin etdiyini və indi sülh quruculuğu prosesində olduğunu vurğulayıb. Bildirib ki, uzun illər müharibə görmüş ölkə kimi Azərbaycan regiona davamlı və dayanıqlı sülhün gəlməsini və insanların, əsasən də qadınların və uşaqların bu prosesdən əziyyət çəkməməsini istəyir. O, eyni zamanda, çıxışı və görüşləri zamanı 4 mindən çox itkin düşmüş azərbaycanlıların taleyi barədə heç bir məlumatın olmadığını da vurğulayıb.

“İstərdik ki, bütün beynəlxalq subyektlər də daxil olmaqla bu prosesdə əlaqələndirilmiş iş aparılsın və o insanlar haqqında məlumat onların yaxınlarına və doğmalarına çatdırılsın. Eyni zamanda, mina təhlükəsi məsələsini də qeyd etmək lazımdır. Müharibə bitib, azad olunmuş ərazilərimizdə tikinti işlərinə başlayırıq, amma həm tikinti işlərini aparan işçilər, həm öz evlərinə qaydan ilk ailələrin nümayəndələri, o ərazidə kənd təsərrüfatı işi ilə məşğul olan Azərbaycan vətəndaşları minaya düşərək həlak olurlar, onların hərəkət sərbəstliyinə məhdudiyyət var. Yeni qurulmuş şəhərlərin, qəsəbələrin ətrafı tamamilə dağıdılıb və bunun özü insanlara çox gərgin psixoloji anlar yaşadır. Bu, həm də bizə dünya ictimaiyyətini müharibəyə yox, sülhə dəstək verməyə çağırmağa imkan yaradır”, - deyən komitə sədri Azərbaycan qadınlarının məhz dünya üçün vacib olan sülh istəyini bir daha Assambleya iştirakçılarının diqqətinə çatdırıb.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Nyu-York

Dünya