Portuqaliyada sağçı azlıq hökuməti bu ölkənin parlamentində keçirilən plenar iclasda korrupsiya ittihamları ilə üzləşib. AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, millət vəkilləri Baş nazir Luis Monteneqronun başçılıq etdiyi Nazirlər Kabinetinə etimadsızlıq göstəriblər.
“Reuters” agentliyi yazır ki, Portuqaliyada təxminən 11 ay əvvəl qurulan sağçı azlıq hökuməti çərşənbə axşamı Baş nazir Luis Monteneqroya qarşı korrupsiya iddiaları ilə bağlı parlamentdəki etimad səsverməsi zamanı kifayət qədər səs toplaya bilmədiyi üçün istefa verib. Bu, 1974-cü ildə diktaturanın sona çatmasından və demokratiyanın qayıdışından bəri hökumətə etimadsızlıq göstərilməsi üzrə ikinci haldır. Birinci hal 48 il əvvəl, 1977-ci ildə olub.
İlk ilini belə tamamlamamış sağçı azlıq hökumətinin dağılmasına səbəb kimi Baş nazir Monteneqroya qarşı korrupsiya iddiaları göstərilib. Cəmi 230 üzvü olan parlamentdə keçirilən səsvermədə 142 deputat ona etimadsızlıq göstərilməsi təklifini dəstəkləyib.
Ötən il azlıq hökumətində olan Sosial Demokrat Partiyası (PSD) və Xristian Demokratlardan başqa, yalnız müxalifətdəki Liberal Təşəbbüs (IL) qrupu istefa verən Baş naziri dəstəkləmişdi, amma ana müxalifət Sosialist Partiyası (PS), Portuqaliya Kommunist Partiyası (PKP), Sol Blok (BE), Livre-Animal-Sağ partiyaları (LVP) onun əleyhinə səs vermişdi.
Hökumətin süqutundan sonra Portuqaliya xalqı üç il ərzində üçüncü dəfə seçkiyə getməli olacaq. Gözlənilir ki, Portuqaliya Prezidenti Marselo Rebelo de Sousa mayın 11-də, yaxud həmin ayın 18-də erkən seçkilərlə bağlı qərar verəcək. Bu gün Portuqaliya mətbuatında dərc olunan bəzi sorğulara görə, hökumətin üzləşdiyi böhran mümkün seçkilərdə qalib olacağı ehtimal edilən ana müxalifət Sosialist Partiyasına dəstəyin artmasına səbəb olub.