Türkmənistanın baş müftisi Azərbaycan səfirliyinin təşkil etdiyi iftar məclisində iştirak edib

post-img

Azərbaycan Respublikasının Türkmənistandakı səfirliyi müqəddəs Ramazan ayı münasibətilə Aşqabaddakı “Yıldız” otelində iftar məclisi təşkil edib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Respublikasının Türkmənistandakı səfiri Qismət Gözəlov qonaqları salamlayıb, tədbir iştirakçılarını müqəddəs Ramazan ayının başlanması münasibətilə təbrik edib.

Bu ayın İslam aləmində həmrəylik, xeyirxahlıq və mərhəmətin təcəssümü olduğunu vurğulayan diplomat Azərbaycanın İslam dəyərlərinə böyük hörmət bəsləyən və onların yayılmasına töhfə verən əsas ölkələrdən biri olduğunu qeyd edib.

Səfir, həmçinin Azərbaycanda dini tolerantlığın həyat tərzi olduğunu bildirərək, iftar süfrəsinin həmrəylik nümayiş etdirməsi və İslam dəyərlərinin yüksəldilməsi, eləcə də xalqlar arasında dostluq və əməkdaşlığın təşviqi məqsədi daşıdığını deyib.

İftar məclisində Türkmənistanın baş müftisi Yalkab Xocaquliyev, həmçinin müsəlman ölkələrinin Türkmənistanda akkreditə olunmuş diplomatik nümayəndəliklərinin təmsilçiləri və onların ailə üzvləri iştirak ediblər.

Mərasimdə baş müfti Yalkab Xocaquliyev müqəddəs Ramazan ayının əhəmiyyətinə həsr olunmuş dua oxuyub.

İftarda Azərbaycan milli mətbəxinin ənənəvi xörəkləri və şirniyyatları təqdim olunub.

 





Sosial həyat