ABŞ Prezidenti Donald Tramp bəzi ölkələrin vətəndaşlarının Birləşmiş Ştatlara girişini qadağan etməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, “The New York Times” qəzeti bu barədə öz mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, Ağ ev müvafiq ölkələrin yer alacağı qırmızı siyahı tərtib edir. Siyahıya çox güman ki, Donald Trampın ilk prezidentlik dövründə vətəndaşlarının ABŞ-a girişi qadağan edilən ölkələr daxil olacaq. Onların arasında Venesuela, İran, Yəmən, Şimali Koreya, Kuba, Liviya, Suriya, Somali və Sudan var. Bundan başqa, həmin siyahıya çox güman ki, Əfqanıstan da əlavə edilə bilər.
Donald Tramp administrasiyası, eyni zamanda, digər ölkələrin yer alacağı narıncı və sarı siyahılar da hazırlayır. Narıncı siyahıda yer alan ölkələrin vətəndaşlarının ABŞ-a girişi müəyyən viza növləri və daha qısa müddətdə qalmaları ilə məhdudlaşdırılacaq. Sarı siyahıda olan ölkələrə isə ABŞ-ın bir sıra tələblərini yerinə yetirməsi, o cümlədən pasportların verilməsi və Birləşmiş Ştatlara gələn şəxslər haqqında məlumatları təqdim etməsi üçün 60 gün vaxt veriləcək. Əks halda, onlar qırmızı və ya narıncı siyahıdakı ölkələr kateqoriyasına yerləşdiriləcək.