Ölkəmizdə fəaliyyət göstərən siyasi partiya nümayəndələrinin, tanınmış politoloq və siyasi şərhçilərin, habelə internet televiziya kanalları rəhbərlərinin, qəzet redaktorlarının və jurnalistlərin birgə səfərinin növbəti marşrutu martın 6-da Xankəndi, Əsgəran və Xocalıdan keçib. Belə səfərlər indiyədək Ağdam, Şuşa (2 dəfə) və Zəngilana təşkil olunub.
Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə siyasi dialoq mühitinin daha da dərinləşdirilməsi, habelə milli maraqlar və dövlətçilik naminə siyasi proseslərdə etibarlı əməkdaşlıq münasibətlərinin bərqərar edilməsi məqsədilə müxtəlif layihələr icra olunur. Siyasi dialoq ilə əlaqədar bütün təşəbbüslər mətbuatda işıqlandırılır.
Konstruktiv əməkdaşlığın qurulması çərçivəsində siyasi partiya rəhbərləri üçün işğaldan azad olunmuş ərazilərə birgə səfərlərin təşkili də önəmli addımdır. Birgə səfərlərin birində ölkə siyasiləri Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə 2022-ci il iyunun 15-də Şuşa şəhərində keçirilmiş “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” adlı beynəlxalq konfransda iştirak ediblər. Beləliklə, təşviq olunan dialoq mühiti sayəsində müxalif siyasi partiyalar, eyni zamanda, təşkil olunan beynəlxalq tədbirlərdə də tərəf-müqabili kimi iştirak edirlər.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə keçirilən budəfəki səfərdə 24 siyasi partiyanın nümayəndələri, tanınmış politoloq və siyasi şərhçilər, internet televiziya kanallarının rəhbərləri, qəzet redaktorları və digər jurnalistlər iştirak ediblər.
Səfərin iştirakçıları əvvəlcə Əsgəran qala-kompleksinə baxıblar. Onlar səfər çərçivəsində Xocalı şəhərində inşa edilən Xocalı Soyqırımı Memorialında aparılan işlərlə yaxından tanış olublar. Səfər iştirakçılarına Xocalının Ballıca kəndində tikilən fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülmüş işlər barədə məlumat verilib. Xankəndi şəhərində isə 2023-cü il noyabrın 8-də Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradın keçirildiyi Zəfər meydanını ziyarət edən səfər iştirakçıları burada mətbuat nümayəndələrinə verdikləri müsahibələrdə öz təəssüratlarını bölüşüblər.
Səfər zamanı Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Xankəndi şəhərində iştirakçıların qarşısında çıxış edərək ötən dövrdə Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı surətdə təşviq olunan həmrəylik mühitinin strateji əhəmiyyəti və mövcud istiqamətdə görülmüş işlər haqqında məlumat verib.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbənin bütün dünya azərbaycanlılarının qürur mənbəyi olduğunu xüsusi vurğulayan Administrasiya rəsmisi qeyd edib ki, Xankəndi şəhərində Zəfər meydanında ölkənin bütün əsas siyasi partiyalarının bir yerdə toplanması da Azərbaycanın siyasi tarixində əlamətdar hadisə kimi dəyərləndirilməlidir. Ədalət Vəliyev daha sonra bildirib ki, müharibə dövründə olduğu kimi hər zaman vətənpərvər qüvvələri birləşdirən əsas amil milli maraqlar və dövlətçilik mövqeyidir.
Siyasilər Xankəndi, Xocalı və Əsgəranın iqtisadi, habelə turizm potensialı ilə də tanış olublar.
Ölkəmizdə təşviq olunan dialoq mühiti konstruktiv əməkdaşlığı, dövlət naminə şəxsi ambisiyalardan imtina olunmasını, milli həmrəyliyi, habelə etibarlı münasibətləri tərənnüm edir.
XQ