Türk və İslam dövlətlərinin ortaq media platformalarının inkişafına ehtiyac var

post-img

Vüsalə MAHİRQIZI,
“APA Media Group”un baş direktoru

Daha ədalətli bir dünya üçün çalışmaq, əlbəttə ki, mediasız olmaz. Amma bu peşənin təmsilçisi olaraq, bu gün medianın dünyanın ədaləti üçün çalışdığını söyləməkdə, təəssüf ki, çətinlik çəkirəm.

Bəzi hallarda medianın işi dünyada ədalətin qurulmasından daha çox, müharibələrin alovlanmasına və informasiya manipulyasiyalarına yol açır.

Bir dəfə Qərb ölkələrinin səfirlərindən biri mənə Azərbaycan mediasının Rusiya–Ukrayna müharibəsi ilə bağlı ədalətli və obyektiv mövqe ortaya qoyduğunu, hər iki tərəfin mövqeyinə yer verdiyini, bunu diqqətlə izlədiklərini və təşəkkür etdiyini bildirdi. O zaman da bildirdim ki, medianın funksiyası bunu tələb edir. Medianın işi münaqişə tərəflərindən birinin mövqeyini işıqlandırmaq, digərini isə ofsaytda saxlamaq deyil. Bu, yalnız münaqişə tərəfi olan ölkənin mediası üçün başadüşülən ola bilər.

Məncə, Rusiya–Ukrayna müharibəsi dünya mediasının, konkret olaraq beynəlxalq media anlayışı ilə işləyənlərin iflası oldu. Bu mövqe eynilə sosial mediaya da aiddir. Hətta sosial mediada əks mövqeyi paylaşanlara yer verilmirdi. Təəssüf ki, bu proses indi də davam edir.

Əgər burada medianın yanaşmasında söhbət işğalçıya münasibətdən gedirdisə, o zaman başqa örnəklərdə daha fərqli yanaşmalar da müşahidə etmişik. Rusiya–Ukrayna müharibəsində işğalçı tərəf Rusiyadır. Bəli, bu, doğrudur. Ermənistan–Azərbaycan münaqişəsində də işğalçı tərəf Ermənistan idi. Amma biz burada nəyi müşahidə edirdik? Ermənistana beynəlxalq media daha çox yer verir, faktları Ermənistanın xeyrinə saxtalaşdırırdı. Azərbaycanın haqlı mövqeyi barədə isə susurdular. Yeri gəlmişkən, bu yanaşma hələ də davam edir. Axı Ermənistan da işğalçıdı. Demək ki, yanaşma işğal, beynəxalq hüququn pozulması deyil, bu mediaların birbaşa və ya dolayısı ilə bağlı olduqları ölkələrin maraqlarıdır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Dünya beşdən böyükdür” tezisi həm də mediaya aiddir. Dünya gücləri öz qüdrətlərini orduları, silah sənayeləri, iqtisadi inkişafları, təhsil sistemləri ilə yanaşı, günün reallığında həm də media ilə göstərirlər. Bu gün ədalətli dünya üçün informasiya monopoliyasının da dağılmasına ehtiyac var. Dünya informasiya məkanı 5-6 beynəlxalq informasiya yayıcısının məlumatları ilə idarə olunmamalıdır. Dünya ölkələri bir-birindən informasiyanı yerli informasiya mənbələri vasitəsilə almalıdırlar. Məsələn, Azərbaycan və Türkiyə mediaları bu iki ölkədə olan məlumatları nəyə görə, üçüncü ölkənin informasiya agentliyi və ya televiziyası vasitəsilə almalıdır? Əlbəttə, bu məqamdan bizim çox ciddi diqqət etməli olduğumuz məsələ budur: üçüncü ölkənin informasiya vasitəsi həmin məlumatı nə qədər manipulyativ təqdim edəcək? Sual budur.

Bu cür informasiya manipulyasiyalarının qarşısını almaq üçün Azərbaycan və Türkiyə prezidentlərinin idarəsi ilə qurulmuş Türkiyə – Azərbaycan Ortaq Media Platformasının fəaliyyəti çox vacibdir. Bu platforma iki ölkənin cəmiyyətinin bir-birindən doğru xəbər alması, informasiya manipulyasiyalarına yol verilməməsi üçün çalışır. Fikrimcə, bu fəaliyyət daha da genişləndirilməlidir, gələcəkdə iki ölkənin mediasının qarşılıqlı olaraq Türkiyə və Azərbaycan ekspertlərinə yer verməsi, daha əhatəli proqramlar və xəbərlər hazırlamasına, cəmiyyətlərimizin bir-birini daha dərindən tanıması üçün çalışmaları artırmasına ehtiyac var.

Türkiyə–Azərbaycan Ortaq Media Platformasının əhatə dairəsinin genişləndirilməsi, türk dövlətlərinin ortaq media platformasının inkişafı da qarşıda dayanan məsələlərdəndir. Biz dünyanın daha çox informasiya ilə idarə edildiyi çağda özümüzü və ulusumuzu informasiya manipulyasiyalarından qorumaq məcburiyyətindəyik. Sosial şəbəkələr, hər gün artan yazılımlar, süni zəkanın inkişafı hər nə qədər bunu çətinləşdirsə də, identifikliyi qorumağın yolu həm də informasiya təhlükəsizliyini təmin etməkdən keçir. Fikrimcə, eynilə içində olduğumuz coğrafiyanı nəzərə alaraq, gələcəkdə İslam ölkələri arasında da ortaq media platformasının inkişafına ehtiyac var. Bu platformalar bizim cəmiyyətlərimizə daha ədalətli, obyektiv və manipulyasiyadankənar xəbər təqdim etməyimizə kömək göstərər.

 

 

Sosial həyat