Komitə sədri Rumıniya dövlət katibinin etniklərarası münasibətlər üzrə müavini ilə görüşüb

post-img

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti martın 3-də Rumıniyanın Dini məsələlər üzrə dövlət katibinin etniklərarası münasibətlər üzrə müavini Dincer Geafer ilə görüşüb.

Dövlət katibinin müavini Rumıniyada milli və dini azlıqların fəaliyyəti, bu istiqamətdə görülən işlər barədə ətraflı məlumat verib. Eyni zamanda Azərbaycanın cəmiyyətdəki etnik-mədəni müxtəlifliklərin tənzimlənməsi sahəsində əldə etdiyi nailiyyətlərə diqqət çəkib,  ölkəmizdə etnik, dini və irqi zəmində heç bir qarşıdurmanın, münaqişənin olmamasını müsbət hal kimi dəyərləndirib.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda tolerantlıq ənənələrinin inkişaf etdirildiyini vurğulayan Komitə sədri Ramin Məmmədov ölkəmizdəki etnik-dini müxtəliflik haqqında məlumat verib. Fərqli konfessiyaların və xalqların dinc yanaşı yaşamasının Azərbaycanda uğurlu dövlət-din münasibətləri modelinin göstəricisi olduğunu qeyd edib. Ölkəmizin mədəniyyətlər və dinlər arasında dialoqun dərinləşməsinə xidmət edən qlobal təşəbbüslərlə çıxış etdiyini bildirib.

Daha sonra tərəflər əməkdaşlığın inkişafı ilə bağlı məsələlər ətrafında  müzakirə aparıblar.





Sosial həyat