Ukraynanın bir sıra şəhərlərində Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib.
Krivoy Roq şəhərində azərbaycan diasporunun fəalları həm Xocalı soyqırımına, həm də Qolodomor qurbanlarına ehtiram əlaməti olaraq “Qolodomor” abidə kompleksinə əklil və gül dəstələri qoyub, soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra tədbir iştirakçılarına Xocalı faciəsinin tarixi haqqında ətraflı məlumat verilib.
Xarkov şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb. Tədbirdə Azərbaycan Respublikasının Xarkovdakı fəxri konsulu Əfqan Salmanov, Albaniya Respublikasının Xarkovdakı fəxri konsulu Şahin Ömərov, Xarkov Vilayət Dövlət Administrasiyasının investisiya və xarici iqtisadi fəaliyyət idarəsinin xarici iqtisadi əlaqələr və beynəlxalq münasibətlər şöbəsinin müdiri İnessa Qluşenko, Xarkov vilayətinin “Dostluq” cəmiyyətinin sədri Murad Ömərov, Ukraynanın xalq rəssamı Katib Məmmədov, elmi institutların nümayəndələri, yaradıcı və təhsil ictimaiyyətinin üzvləri, eləcə də Xarkov sakinləri iştirak ediblər. Çıxışçılar erməni separatçılarının Xocalıda törətdikləri cinayətlərin amansızlığının, bu faciənin nəticələri və günahsız insanların qətlə yetirilməsinin dünya tərəfindən soyqırım aktı kimi tanınmasının vacibliyini vurğulayıblar. Daha sonra Xocalı soyqırımını haqqında sənədli film göstərilib. Sonda tədbir iştirakçıları Xarkov İnformasiya-Sərgi Mərkəzinin “Buzok” qalereyasında Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunan fotosərgisiyə baxıblar.