Fəsillə əlaqədər soyuqlamaların, qripin fəsadları daha çox ağciyər problemləri ilə özünü göstərir. Xəstəlik başlayanda müşahidə olunan, lakin müalicə edilməyən yüngül öskürək şiddətlənir, hərarət yüksəlir, halsızlıq xəstəni yatağa salır. Təbii ki, müxtəlif dərmanlardan istifadə etməklə ağciyərin funksiyası bərpa olunur. Amma mütəxəssislərin fikrincə, ağciyər soyuqlamalarını (sətəlcəmi) təbii yollarla da sağaltmaq mümkündür.
Tanınmış rusiyalı fitoterapevt Yelena Korsun ağciyəri nikotin və toksinlərdən təmizləyən, onun funksiyasını yaxşılaşdıran dəmləmə reseptini açıqlayıb. Bildirib ki, məlhəmi hazırlamaq üçün eyni miqdarda evkalipt yarpağı, biyan kökü, gülxətmi çiçəkləri, kəklikotu götürülür və qarışdırılır. Qarışıqdan 1 xörək qaşığı termosa tökülür. Üzərinə 2 stəkan qaynar su əlavə edilir və 1 saat ərzində dəmlənir. Sonra dəmləmə süzülür və gündə 3–4 dəfə yeməkdən sonra 1 fincan olmaqla ilıq halda içilir. Dəmləməyə zövqə görə bal da əlavə etmək olar.
Müalicə kursu 1 həftədir. Sonra 10–15 gün fasilə verilir və prosedur yenidən təkrarlanır.
Öskürək və bronxit zamanı da bu dəmləmə çox yaxşı nəticə verir, ağciyəri selik və mikroblardan təmizləyir, sağalmanı tezləşdirir.
Z.HÜSEYNLİ
XQ