Dünya karatesinin canlı əfsanəsi, “Qara brilyant” ləqəbli Azərbaycan idmançısı Rafael Ağayevin bu gün 40 yaşı tamam olur. Onunla əlaqə saxlayıb, yubiley münasibəti ilə təbrik etdik və ürək sözlərini dinlədik:
– Allaha şükür edirəm ki, belə bir ömür yaşamaq mənə nəsib olub. 40 yaşı, adətən, qeyd etmirlər. Bu günlər həm də, müqəddəs Ramazan ayına təsadüf edir. Allah hamının orucunu-namazını qəbul etsin!
Bu əlamətdar gündə dünya şöhrətli karateçinin böyük qələbələrlə zəngin, qürur doğuran ömür yoluna nəzər saldıq. Rafael Ağayev 1985-ci il martın 4-də Sumqayıt şəhərində anadan olub. Atasının yolu ilə gedərək 7 yaşından futbolla məşğul olub, daha sonra karatenin sirlərini öyrənməyə başlayıb. Müsahibələrinin birində idmana gəlişini belə xatırlayır: “7 yaşımda ilk dəfə, “Bruce Lee” filmlərinə baxdım və dərhal karateyə aşiq oldum. Atamdan məni karate bölməsinə göndərməyi xahiş etdim. Atam peşəkar idmançı olub, “Polad” (Sumqayıt) futbol komandasında çıxış edib. O, mənim, həqiqətən, futbolla yox, karate ilə məşğul olmaq həvəsimi görüb, ilk məşqçim Rafael Məmmədovun bölməsinə gətirdi.
Rafael Ağayev sonralar Füzuli Musayevin rəhbərliyi altında məşqlərini davam etdirib. Avropa çempionatlarında ilk böyük nailiyyətini 2004-cü ildə karatenin kumite növündə çempion olmaqla qazanıb. Sonralar daha 10 dəfə qitə çempionatının qızıl medalına sahib olub və idman tariximizə yeni səhifə yazıb. Eyni zamanda, Avropa çempionatlarında 1 gümüş, 7 bürünc mükafata yiyələnib.
2006–2016-cı illərdə karate üzrə 5 dəfə dünya çempionu olub. O, 2-si gümüş və 2-si bürünc olmaqla, ümumilikdə, dünya çempionatının 9 medalına sahib çıxıb. Bununla da, fərdi yarışlarda ən çox dünya çempionu olan idmançı kimi Ginnesin Rekordlar kitabına düşüb.
Rafael Ağayevin uzun müddət Olimpiya medalının həsrətində olması da sirr deyil. Böyük uğurlara imza atmış idmançı müsahibələrində Olimpiya Oyunlarında iştirak etmək arzusunu tez-tez dilə gətirirdi. Rafael Ağayevə 35 yaşda ikən Olimpiadada çıxış etmək nəsib olub. O, karatenin Vətənində “Tokio–2020”də qızıl medal qazanmağa iddialı olsa da, bəxti bir az gətirməyib. “Bir az” ona görə deyirik ki, Olimpiya medalı əyarından asılı olmayaraq böyük mükafatdır. O, Tokio Olimpiadasından sonra müsahibələrinin birində olimpiadada qızıl medal şansının yüksək olduğunu, lakin hakim ədalətsizliyi ucbatından gümüş mükafatla kifayətləndiyini bildirmişdi. Buna heç şübhə yoxdur ki, karate daha əvvəl Oyunların proqramına salınsaydı, Ağayev mütləq Olimpiya çempionu olacaqdı.
Olimpiadadan sonra “Karate Kombat”da gücünü sınayan idmançı bir sıra görüşlərdə qələbələr qazanıb. Eyni zamanda, MMA döyüşlərində orta çəkidə dünya çempionu kəmərinin sahibi olub və həmin kəməri bir dəfə də qoruyub.
Parlaq nailiyyətləri ilə adını dünya karatesi tarixinə qızıl hərflərlə yazdıran Rafael Ağayev Azərbaycan xalqının böyük sevgisini qazanıb. O, Azərbaycan idmanında xidmətlərinə görə “Şöhrət” və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilib. 11 qat Avropa, 5 qat Dünya, 3 qat İslam Həmrəyliyi Oyunlarının, həmçinin Avropa, Dünya Oyunlarının qalibinin ürəyi bu gün də karate ilə döyünür. Dünyanın 1 nömrəli karateçisinin arzuları tükənməzdir. Ən böyük arzusu isə bayrağımızın daha da ucalarda dalğalanmasını görməkdir.
Leyla QURBANOVA
XQ