Xocalıdan Ağdama 12 günlük qaçış...

post-img

Xocalının müsibəti zaman-zaman göynədəcək bizi. 2 cahan savaşı görmüş XX əsrin dinc insanlarına qarşı görünməmiş qətliam. Erməni hərbi birləşmələri və rusların 366-cı motoatıcı alayının şəhəri mühasirəyə alması nəticəsində Xocalı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə qan gölündə boğuldu. Çaylar, meşələr, dağlar da qana boyandı. İnsanların fəryadından göylər də qan ağlayırdı...

Kişilər ölüm-dirim savaşında əliyalın döyüşdülər. Qana susamış düşmən igidlərimizi gülləyə tutub, qız-gəlinlərimizi əsir götürdü. Anaların, körpələrin ərşə qalxan fəryadı bu gün də həmin gecənin canlı şahidlərinin gözlərində dil açıb haray qoparır.

Xocalı sakinlərindən biri Tofiq Süleymanovun o müdhiş gecədə başına gələnləri də ilk növbədə çöhrəsindəki əzabdan duyub, sonra dilindən eşitdik:

– Artıq 2 il idi ki, Xocalının üstünə fəlakət, qara duman çökmüşdü. Özünümüdafiə batalyonlarının tərkibində mən də səngərdə növbə çəkirdim. Axşam idi, növbədən gəlib dincimi alırdım. Rəhmətlik anam bayırdakı gurultunu eşidib dedi: “Oğul, dur ayağa, deyəsən, bu it uşağı bizi mühasirəyə alıb. Camaat deyir ki, tanklar şəhərə yaxınlaşır.”

Yorğunluğumu belə unudub çölə çıxdım. Hamının nəzərləri bir-birinə dikilmişdi. Zirehli maşınların, tankların vahiməsi qanımızı dondurmuşdu. Bizim məhəllə aeroportun yaxınlığında idi. Birdən gördük ki, o tərəfdən güclü bir fişəng atıldı. Bütün Xocalının üstünə sanki bir atəş saçdı. Sən demə, düşmən qüvvələri bir-birinə işarə verirlərmiş ki, hücuma keçmək lazımdır.

Tanklardan, zirehli maşınlardan üstümüzə od saçmağa başladı, güllələr yağış kimi yağdı. Hər kəs özünü, yaxınlarını xilas etmək, əsir düşməmək üçün müxtəlif istiqamətlərə qaçmağa başladı. Göyün üzü od tutub yanırdı. Anamla qardaşımı götürüb dağlara tərəf qaçmağa başladıq. Anam o qədər heydən düşdü ki, ayaqları sözünə baxmadı. Qardaşım onu kürəyinə aldı. Qarqarçaydan keçəndə qardaşımın ayağı sürüşdü, anamla birgə çaya yıxılıb islandılar.

Əsir düşməmək üçün irəliləyirdik. Bu dəfə anamı mən kürəyimə aldım. Dağlara doğru qaçırdıq. Yolda qaçıb, canını qurtaranların pal-paltarı səpələnmişdi. İnsanlar xilas olmaq üçün qiymətli nə vardısa atıb gedirdilər.

Birdən bizə tərəf atəş yağmağa başladı. Qardaşım bizdən ayrı düşdü, artıq anamla mən, bir də qonşularımız qalmışdı. Hiss etdim ki, anamın nəfəsi gəlmir. Yaxınlıqdakı meşəyə girdik. Anam şaxtadan islanmış paltarında donaraq şəhid olmuşdu.

Dəhşət içində qalmışdım. Anamı meşədə bir ağacın yanına uzadıb, üstünə kol-kos, odun parçaları döşədim. Fikirləşdim ki, qardaşımı tapıb həmin yerə geri qayıdaram. Amma anamın donmuş bədənini oradan xilas etmək mümkün olmadı. Bu gün də içim qan ağlayır, 39 yaşlı anamın şaxtadan buz bağlamış vücudunu özümlə gətirə bilmədim... Bu nisgil bütün ömrüm boyu mənə əzab verəcək...

Bu yerdə Tofiqin gözləri doldu.Özünə gəlib söhbətə davam elədi:

– Qarın qalınlığı imkan vermirdi ki, düşmənin mühasirəsini yaraq. Silahlardan isə od yağırdı. Qonşumuz olan kişini də öldürdülər. Onun arvadı və 2 uşağı, başqa bir qadın və mən qarlı aşırıma üz tutduq. Yolu itirmişdik. Hara gedirdik, erməni kəndlərinə rast gəlib geri qayıdırdıq. Aclıq da bir tərəfdən bizi taqətdən salmışdı. Artıq sürünə-sürünə yol axtarırdıq.

12-ci gün idi ki, mühasirədən çıxmaq üçün çarə axtarırdıq. Axır qarşımıza Azərbaycan qəbristanlığı çıxdı. Bildim ki, artıq xilas olmuşuq. Yanımdakı qadınlara dedim ki, əvvəlcə mən gedim yoxlayım, sonra sizə xəbər verərəm. Məzarlıqdan bir az aralıda sığınacaq gördüm, sürünərək ora getdim. Qapını açıb səsləndim. Sən demə, Qatır Məmmədin özünümüdafiə batalyonu burada yerləşirmiş. Onlara vəziyyəti danışdım. Yoldaşlarımı gətirməyə getdilər.

Martın 8-də bizi Ağdamdan xəstəxanaya apardılar. Mənimlə yol gələnlərin ayaqları şaxtadan elə hala qalmışdı ki, xilas etmək mümkün olmadı. Mənim də ayaqlarım tamamilə donmuşdu. Lakin aldığım müalicə kömək elədi. Bir aydan sonra yeriməyə başladım.

Müsahibim bu əzablı duyğu-düşüncələrindən sonra bir anlıq özünə gəlib dedi:

– Qəhrəman oğullarımızdan biri olan Aqil Quliyevin və onun döyüş yoldaşlarının qeyri-bərabər savaşdakı döyüşkənliyini heç vaxt unutmaram. O zaman döyüşüb Azərbaycanın Milli qəhrəmanları adına layiq görülən oğulları hörmətlə yad edirəm: Ələsgər Novruzov, Əlif Hacıyev, Xocalının “Mixaylo”su Tofiq Hüseynov, Araz Səlimov, Füzuli Rüstəmov, Hikmət Nəzərli, Şöhrət Həsənov. Bu igidlər olmasa idilər, Xocalıdan sağ çıxan çətin ki, tapılardı. Onlar adamların bir hissəsini Ağdamın Şelli kəndinə çatdırıb geri döndülər. Köməksiz insanları xilas etmək üçün qeyri-bərabər döyüşə girib şəhid oldular. İnqilab İsmayılov var idi. Bu qəhrəman oğlan yaralıları və şəhidləri Azərbaycan kəndlərinə daşıyırdı. Ancaq sonda özü də şəhid oldu. Xocalı aeroportunun rəisi Əlif Hacıyevin isə qəhrəmanlığı haqqında cildlərlə kitab yazılsa, yenə də azdır.

Müsahibim daha sonra qeyd etdi ki, 1988-ci ildə Fərqanə vadisindən qovulmuş Ahıska türklərinin böyük bir hissəsi, Qərbi Azərbaycandan sürgün olunmuş 1500 nəfər Xocalıda məskunlaşmışdı. Xocalı aeroportu Qarabağın yeganə hava limanı idi. 1991-ci ilin oktyabrından bu şəhər blokadada idi: “Xocalını ermənilərin hədəfə almaqda bir məqsədi də onunla bağlı idi ki, bu şəhər Qarabağın strateji əhəmiyyətli dağlıq hissəsində yerləşirdi. Düşmən bu maneəni aradan qaldırmaq üçün məhz Xocalını seçmişdi”...

Tofiq Süleymanov sonda bildirdi:

2020-ci ildə Vətən müharibəsində oğlum, qardaşım oğlu könüllü iştirak etdilər və düşməndən qisasımızı aldılar. 2023-cü ildə anti-terror əməliyyatlarında isə Xocalı azadlığına qovuşdu. Artıq camaatımızın köçü başlanıb, şəhər tikilir, qurulur, bərpa edilir. Tezliklə biz də doğma elimizə qayıdacağıq.

Hazırladı:
Kəmalə ABDİNOVA
XQ





Sosial həyat