Bəşər tarixinin kütləvi terror hadisəsi

post-img

Azərbaycan Turizm və Menecment Universitetində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Şəhidlərimizin və Xocalı faciəsi qurbanlarının ruhu ehtiram əlaməti olaraq bir dəqiqilik sükutla yad edilib. 

ATMU-nun rektoru İlham Mədətov Xocalı soyqırımının bəşəriyyət tarixinə kütləvi terror aktı kimi daxil olduğunu söyləyib, həmin günlərdə baş verən qanlı hadisələri faktlarla diqqətə çatdırıb. İnsanlığa qarşı törədilən bu cinayətin cəzasız qalmamasını, Ermənistanın hərbi-siyasi təcavüzünün dünya ictimaiyyəti tərəfindən ittiham edilməsini, Azərbaycan torpaqlarında törədilən Xocalı soyqırımına beynəlxalq siyasi-hüquqi qiymət verilməsini zamanın tələbi kimi dəyərləndirib. Rektor Xocalı qurbanlarının qanının yerdə qalmadığını vurğulayaraq bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocalı şəhərində Dövlət Bayrağını ucaldaraq keçdi­yimiz enişli-yoxuşlu şərəf yolumuzun məntiqi nəticəsini təsdiqləyib. 

Tədbirdə ATMU-nun professoru Məhərrəm Zülfüqarlı Xocalı faciəsinin insanlığa, maddi-mədəni və mənəvi sərvətlərimizə qarşı vandal münasibətlərini faktlarla şərh edib.  Professor tarixi faktlar əsasında Xocalı faciəsinin bəşəriyyətin üzləşdiyi ən qanlı soyqırımlardan biri olduğunu bildirib və tarixi ədalətsizlikdən söz açıb. O qeyd edib ki, gənclər Xocalı soyqırımı ilə bağlı dolğun təsəvvürə malik olmalı, qanlı hadisənin reallıqları daim araşdırmalıdırlar. 

Qeyd edək ki, universitetdə Xocalı faciəsini əks etdirən xüsusi guşədə sənədli və bədii əsərlərdən ibarət kitab sərgisi fəaliyyət göstərib. İlk dərslər əsrin faciəsi – Xocalı qətliamına həsr olunub. Gün ərzində Xocalı soyqırımını əks etdirən fotoslayd yayımlanıb. 

Tədbirdən sonra ATMU tələbələri Memorial Soyqırımı Muzeyini ziyarət edərək, Xocalı faciəsi qurbanlarının xatirəsini yad ediblər. 

Z.HÜSEYNOVA

XQ





Sosial həyat