Bu gün bizim üçün ən gözəl günlərdən biridir – Vətənimizə qayıdırıq. Hər birimiz sevincli və qürurluyuq.
Bu sözləri Ağdamda AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Xocalının Ballıca kəndinə köç edən keçmiş məcburi köçkün Tacir Əhmədov deyib.
“33 il əvvəl torpaqlarımız işğal olunanda evimizi, yurdumuzu gözyaşı ilə tərk etmişdik. Elə bu günlərdə - fevralın 25-dən 26-na keçən gecə soyqırımı törədilmişdi, xocalılılar soyuq fevral günlərində ayaqyalın çöllərə düşdülər. Bu gün isə qalib xalqın nümayəndəsi kimi geri dönürük. Bu günü, bu qüruru bizə yaşadan Ali Baş Komandana, Ordumuza təşəkkürümü bildirirəm”, - deyə Xocalı sakini bildirib.
Qeyd edək ki, bu gün respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Xocalının Ballıca kəndinə yola salınıb. Bu mərhələdə Ballıca kəndinə 22 ailə - 95 nəfər köçürülür.
Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.