ABŞ-ın Florida ştatının Hallandeyl Biç (Hallandale Beach) şəhərinin meri Coy Kuper 2025-ci il fevralın 26-nın Xocalı soyqırımının 33-cü ildönümü kimi anılması barədə bəyannamə imzalayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, bəyannamədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda uşaqlar, qadınlar və yaşlılar da daxil olmaqla, 600-dən çox günahsız insanın amansızlıqla qətlə yetirildiyi qeyd edilib. Beynəlxalq insan haqları təşkilatı olan “Human Rights Watch”un (HRW) Xocalı soyqırımını regionda baş verən ən dəhşətli qətliam adlandırdığı vurğulanıb. Xocalı soyqırımının dəhşətli itkilərdən xəbər verdiyi, habelə bütün dünyada insanların bir-birini daha yaxşı başa düşməsi və onların tolerantlığının vacib olduğu diqqətə çatdırılıb.
Bəyannamə Floridada fəaliyyət göstərən Amerika Azərbaycan Gənclər Assosiasiyasının rəhbəri Nabat Eminovaya təqdim edilib.
2021-ci ildə ABŞ-ın Florida ştatında yaradılan Amerika Azərbaycan Gənclər Assosiasiyası Azərbaycanın tarixi, mədəniyyəti və həqiqətlərinin ABŞ-da təbliği, Amerika və Azərbaycan gəncləri arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərir.
Qeyd edək ki, diaspor təşkilatlarının və fəallarının gördüyü bu kimi işlər Azərbaycan reallıqlarının, tarixi həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması baxımından olduqca faydalıdır.