“Vur getsin” və ya “bu nə süd idi mənə verdin?”

post-img

Bir neçə il qabaq bir məclisdə masanın üzərinə düzülmüş müxtəlif içkilərlə yanaşı, üzərinə “Vur getsin” sözü yazılmış araq şüşəsi də diqqətimi cəlb elədi. Əlimə götürüb diqqətlə o tərəf-bu tərəfinə baxırdım ki, ev sahibi yaxınlaşıb dedi: “Müəllim, mən özüm içən deyiləm, amma əgər meyliniz varsa, bir yüz qram süzsünlər, satıcı çox təriflədi bu arağı”. Xətrinə dəyməmək üçün minnətdarlıq etdim və dedim ki, bir az naxoşlamışam, dərman içirəm, sağlıq olsun, başqa vaxt. Çünki əmin idim ki, bu “araq” hardasa gizli sexdə doldurulub, üzərinə də primitiv, sanki, əllə yazılmış etiket yapışdırılıb.

Ev sahibi yenicə aralanmışdı ki, yanımda əyləşən tanışım yerində qurcalanıb “dünəndən dişim ağrıyır, bəlkə, bir az vurum” deyib “Vur getsin”i açmağa başladı. Əlinin üstündən tutsam da, xeyri olmadı. Süzməyi ilə arağı başına çəkməyi bir oldu. Əvvəlcə istədi ki, ağzını yuma, yuma bilmədi, nəfəs almağa çalışdı, hava gəlmədi, əli ilə nə demək istədi, başa düşmədim. Bir az ara verəndən sonra əcaib nəzərlərlə mənə baxıb “Əyyub, sənin südünə nə deyim, bu nəydi mənə verdin?” deyib süfrədə əlinə nə keçdi tez-tez yeməyə başladı. Handan-hana özünə gəlib “az qala ölmüşdüm” deyəndən sonra soruşdum ki, Əyyub kimiydi, adını çəkdin? Qayıtdı ki, qoy sənə bir olmuş əhvalat danışım.

“Bir gün rəhmətlik Hüseyn Arif “Baksovet”dən piyada aşağı düşürmüş. Birdən qarşısına şair Əyyub Sədi çıxır. Baxır ki, əlində qəzetə bükülü bir butulka var. Soruşur ki, Əyyub, o əlindəki nədir. Əyyub da bilir ki, araq desə, şair əl çəkməyəcək. Deyir heç, Hüseyn müəllim, süddür, uşağa almışam, tələsirəm. Filarmoniyanın bağına çatanda Hüseyn Arif deyir ki, Əyyub, gəl bir stəkan çay içək, gedərsən. Əyyub etiraz edə bilmir. Əyləşirlər, çay gəlir. Görür ki, Hüseyn Arif bufetə yaxınlaşıb soyutma toyuq, turşu sifariş verir və qayıdıb Əyyubun qarşısında əyləşib düz gözünün içunə baxıb, “Əyyub, dedin bu qəzetə bükülü nədir?” deyə təkrar soruşur. Əyyub da “dedim axı şair, süddür, uşağa aparıram”. Hüseyn Arif də təmkinini pozmadan toyuğun budunu dişinə çəkib “ayə, Əyyub, qağan da elə uşaq kimi bir şeydir, süz içək” deyir. Əyyub əlacsız qalıb arağı açıb “daş stəkan”ı ağzınadək doldurur. Elə o da mənim kimi tez başına çəkir və nəfəsi zorla çıxa-çıxa “Əyyub, Əyyub, bu nə südüydü mənə verdin, sənin görüm...” deyib çayxananı iri addımlarla tərk etməyə başlayır. Sən demə, bu, o vaxtlar Vyetnamdan gələn, olduqca acı, keyfiyyətsiz və ucuz araqlardan imiş. Şair də ilk dəfə bu araqdan içirmiş...”

Yəqin ki, bəzilərinizin dodağı qaçdı, güldünüz, bəziləriniz təəssüfləndiniz və sair. Amma inanın, bunları nə gülmək üçün yazıram, nə də kimisə təəccübləndirmək üçün. Sadəcə son vaxtlar çox acınacaqlı bir vəziyyət yaranıb. İstanbulda son bir ayda saxta spirtli içkidən ölənlərin sayı 70-ə çatıb. Ankarada da spirtli içkidən ölənlərin sayında hər gün artım qeydə alınıb. Belə ki, paytaxtda artıq 50-dən çox adam saxta spirtli içki səbəbindən həyatını itirib.

Elə bilirsiniz Azərbaycanda bu sahədə vəziyyət yaxşıdır? Qətiyyən! İndi kim gəldi, araq buraxır, üstünə də qəribə adlar fikirləşib bir etiket də yapışdıraraq paylayır ticarət şəbəkələrinə. Vəziyyət 2019-cu ildən sonra, xüsusilə, acınacaqlı hala düşüb. Çünki 2019-cu ilə qədər ölkədə barmaqla sayılacaq qədər araq istehsalçısı var idi. Şərab istehsalçılarının sayı isə 3–4 idi. Məhz həmin il spirtli içkilərin istehsalı üçün lisenziyalar ləğv olundu. Bundan sonra yoxlamalar, demək olar ki, aparılmadı. İşbazlar da elə bunu gözləyirdilər. Nəticədə bazara 90-a qədər araq istehsalçısının daxil olmasına şərait yaradıldı. Qəribədir ki, cəmi 1 ədəd şərab istehsalçısı meydana gəldi. Çünki şərab istehsalı mürəkkəb, əziyyətli bir işdir, gərək özünün üzüm bağların olsun, xüsusi texnologiyaya sahib olasan. Araq düzəltməyə nə var ki... 5–10 nəfəri yığdın başına, spirti aldın, heç kefiyyətinə baxmadan doldurdun butulkalara, sat getsin, yəni yuxarıdakı epizodda olduğu kimi, “vur getsin”. Bax elə o vaxtdan bazarda böyük xaos yaşanmağa başlandı.

..İri, tanınmış marketlərdən birindəyəm. Məşhur, artıq nəinki respublikamızda, onun hüdudlarından kənarda məhsulları tanınan zavodların və şirkətlərin məhsulları ilə yanaşı, piştaxtalara əcaib adları olan araq məhsulları da düzülüb. Adlarını çəkmirəm, onlar üçün reklam olar. Qiymətlərinə baxıram, 3 manat, 4 manat, 2 manat... İndi özünüz nəticə çıxarın. Bir litrlik arağın təkcə aksizinin qiyməti 4 manat 80 qəpikdir. Üstünə 18 faiz də gəlir vergisi gəlsən, maya dəyəri 5 manat 66 qəpiyə gəlib çatır. Yaxşı, sən “məhsulunu” 3–4 manata, lap 6–7 manata necə sata bilirsən?! Təbii ki, bunlar hamısı saxtadır və ya çox keyfiyyətsizdir, insanların həyatı üçün təhlükə mənbəyidir. Bu məhsulların hazırlanmasında hətta orqanizm üçün çox təhlükəli olan metil spirtlər də bəzən istifadə olunur. Belə araqların çoxu sexlərdə hazırlanır. Lakin maraqlıdır ki, piştaxtalara necə yol tapır?

Bu sahədə müvafiq nazirliklər, digər əlaqədar təşkilatlar lazımi mübarizə aparırlar. Məsələn, bir neçə il qabaq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi araşdırmalar apardı, vəziyyətin acınacaqlı olduğunu bildirdi. Sübut etdi ki, ölkədə saxta içkilər hətta bahalı restoranlarda müştərilərə təqdim edilir. Yaxud İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vətəndaşlara dəfələrlə müraciət edərək bildirib ki, saxta məhsulların istifadəsi insan orqanizmi üçün ciddi təhlükə yaradır və belə hallarla rastlaşdıqları, kustar üsulla spirtli içkilər hazırlayıb satan şəxslər barədə hər hansı məlumata malik olduqları təqdirdə, Dövlət Vergi Xidmətinin “195-1” Çağrı Mərkəzinə və yerli vergi orqanlarına məlumat versinlər.

Qeyd edək ki, 1995-ci ildə “İstehlakçıların hüquqlarının qorunması haqqında” qanun qəbul olunub. Sonradan qanuna bir neçə dəfə dəyişikliklər edilib. Lap bu yaxınlarda, yəni keçən ay qanuna daha bir dəyişiklik olub. Alkoqollu içkilərin pərakəndə satışının minimum qiymətinin müəyyən olunması qərara alınıb və bu içkilərin aşağı qiymətə satılması qadağan edilib.

Lakin son vaxtlar akoqollu içkilərin bazardakı vəziyyəti göstərir ki, daha radikal və ciddi tədbirlər görülməsə bu sahədə vəziyyəti stabilləşdirmək olmayacaq. Çünki qanunda dəyişiklik işbazlara həm qiyməti qaldırmağa, həm də keyfiyyətə lazımi nəzarət etməməyə imkan yaradıb.

Burada bir faktı da qabarıq nəzərə çatdırmaq istəyirəm ki, bəzən özünə “sahibkar” deyən bir çox işbazlar başına 15–20 adam yığıb primitiv bir sexi də zavod kimi təqdim edir, “xeyli iş yeri açmışam” deyərək gözdən pərdə asırlar.

Artıq bu məsələ getdikcə daha çox ictimailəşir. Ona görə də adamlar daha fəal olmalı, belə saxtakarları, eləcə də onların kustar yolla hazırladıqları məhsulları tapıb üzə çıxarmalı, vətəndaşlıq mövqeyi göstərməli, hüquq-mühafizə orqanlarına, vergi xidmətinə məlumat verməlidirlər. Yoxsa “vur getsin”lər özümüzün başımızda çatlayacaq.

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri



Sosial həyat