Rəşadətli ordumuzun şanlı qələbələri sayəsində azadlığına qovuşmuş Qarabağda və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri getdikcə daha geniş vüsət alır, otuz ildən artıq Vətən həsrəti ilə yaşamış keçmiş məcburi köçkünlərin köç karvanları bir-birinin ardınca əzəli və əbədi torpaqlarımıza istiqamət götürür. Bir vaxtlar göz yaşları içində ev-eşiklərindən didərgin düşmüş insanlar bu gün sevinə-sevinə daimi yaşamaq üçün öz ata-baba yurdlarına qayıdırlar.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq fevralın 19-da daha 212 keçmiş məcburi köçkünün həsrətinə son qoyuldu, 37 ailə doğma Cəbrayılına qayıtdı. “Xalq qəzeti” olaraq köç həyəcanları davam edən, yeni evlərində yerləşməkdə olan cəbrayıllıların bir neçəsi ilə əlaqə saxlayıb onların sevinclərinə şərik olduq, təəssüratlarını öyrəndik. Doqquz aylıq körpə ikən anasının qucağında doğma yurdunu tərk etmiş Könül Vəliyeva bu gün Cəbrayıla həyat yoldaşı və 2 övladı ilə qayıdıb. Bizimlə söhbətində bildirdi ki, illərlə bu xoşbəxt günlərin xəyalı ilə təsəlli tapıblar:
– Mən Cəbrayıl rayon mərkəzi xəstəxanasında işləyirəm. Ailəmlə birlikdə uzun müddət idi Biləsuvar rayonunda məskunlaşmışdıq. Bu gündən isə öz doğma Cəbrayılımızda, yeni evimizdə yaşayacağıq. Var olsun dövlətimiz, üçotaqlı mənzillə təmin olunmuşuq, bizim üçün hər bir şərait yaradılıb. Ən əsası isə odur ki, daha məcburi köçkün deyilik, övladlarım azad torpağımızda böyüyəcəklər. Allah bizə bu günləri yaşadan möhtərəm Prezidentimizi qorusun! Çox xoşbəxtik!
Hazırda yeni mənzillərində yüklərini yerləşdirməklə məşğul olan Rəhimovlar ailəsi Cəbrayılın daimi sakini olmağın sevincini yaşayır. 70 yaşlı Xuraman Rəhimova öz təəssüratlarını dilə gətirdi:
– Bu yerlərdən ağlaya-ağlaya çıxmışdım. Geri dönəndə də gözlərim yaşardı. Ancaq budəfəki göz yaşları sevinc göz yaşları idi. Hisslərimi sözlə ifadə edə bilmirəm. Övladlarımla, nəvələrimlə ata yurduma – Cəbrayıla qayıtmışam. Allaha şükür edirəm ki, bu günləri görməyi mənə qismət etdi. Allah şəhidlərimizə rəhmət eləsin, Ali Baş Komandanımızı, xalqımızı, ordumuzu qorusun! Yaşadığımız bu xoşbəxt anlar üçün Vətənimizin azadlığı naminə əməyi olan hər bir kəsə borcluyuq!
Qeyd edək ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində bundan cəmi 3 gün əvvəl, fevralın 17-də də Cəbrayıl şəhərinə növbəti köç baş tutub, 205 nəfərdən ibarət 42 ailə məcburi köçkünlüklə əbədi olaraq vidalaşıb. Ümumilikdə isə bugünədək Cəbrayıl şəhərinə 2 min 110 nəfərin (479 ailə) qayıdışı təmin olunub.
Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri