Muxtar respublikada biznes mühiti sürətlə inkişaf edir. Bu, yeni vergi ödəyicilərinin sayında da özünü göstərir. Belə ki, 2023-cü ildə muxtar respublikada 6263 yeni Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi qeydiyyata alınıbsa, 2024-cü ildə həmin göstərici 6 min 682-yə çatıb. Bu isə əvvəlki illə müqayisədə 419 yeni VÖEN və ya 6,7 faiz artım deməkdir.
Vergi ödəyicilərinin sayının artması Naxçıvanda iqtisadi fəallığın yüksəldiyini göstərir. Xüsusilə kiçik və orta biznesin inkişafına yönələn tədbirlər, sahibkarlara verilən güzəştlər və dövlət dəstəyi bu artımda mühüm rol oynayır.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, muxtar respublikada ticarət, kənd təsərrüfatı, xidmət və istehsalat sahələrində yeni sahibkarlıq subyektlərinin yaranması ümumi iqtisadi inkişafın göstəricilərindən biridir. Bunun nəticəsi olaraq qeyri–dövlət sektorunda bağlanmış əmək müqavilələrinin sayında 1 yanvar 2025-ci il tarıxinə əvvəlki dövrlə müqaisədə 72,8 faiz artım qeydə alınıb ki, bu da əvvəlki ilə nisbətən yeni iş yerlərinin açılması baxımından mühüm əhəmiyyət kəsb edir.
2023-cü illə müqayisədə qeydiyyatda olan VÖEN-lərin sayı 32,3 faiz, fəal VÖEN-lərin sayı 71,4 faiz, fəal obyektlərin sayı isə 19,7 faiz artıb.
Bu dinamika Naxçıvanda biznes mühitinin yaxşılaşdığını və sahibkarlıq fəaliyyətinin genişləndiyini göstərir. Yeni açılan müəssisələr və artan vergi ödəyiciləri həm məşğulluğun artmasına, həm də əhalinin rifah halının yüksəlməsinə öz təsirini göstərir.
Səbuhi HƏSƏNOV
XQ
Naxçıvan