Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində zəruri tədbirləri davam etdirir.
Nazirlikdən verilən məlumata görə, bu çərçivədə agentliyin müfəttişləri tərəfindən Göygöl şəhərinin Azay Kazımov küçəsində fəaliyyət göstərən fərdi sahibkar Əliyev Nizami Rza oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb. Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.
Belə ki, maye qazdoldurma məntəqəsində istismar olunan 3 ədəd maye qaz tutumunun üzərində quraşdırılmış qoruyucu klapanların və manometrlərin dövri yoxlanılmasının aparılmadığı, həmçinin sözügedən tutumların sahibkarın müraciəti əsasında agentlikdə qeydiyyatdan çıxarıldığına baxmayaraq istismar olunduğu, eləcə də bu tutumlardan birinin dövri müayinəsinin qüvvədə olma müddətinin bitdiyi müəyyən edilib.
Aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı agentliyin əməkdaşları tərəfindən dayandırılıb.
P.ƏMİRCANOV
XQ