Bu ilin 24–25 aprelində ölkəmiz növbəti beynəlxalq kosmik məclisə – Kosmik Texnologiyalar Konfransına evsahibliyi edəcək. Elmi toplantı Azərkosmosun “Dialogue Events Ltd.” şirkəti ilə birgə əməkdaşlığı çərçivəsində təşkil ediləcək.
Bu konfrans Mərkəzi Avrasiya regionunda kosmik sahənin inkişaf perspektivlərini müzakirə etmək, kosmik texnologiya və tədqiqat sahəsində yeni tendensiyaları nəzərdən keçirmək, bilik mübadiləsi aparmaq və yeni regional əməkdaşlıqların qurulması üçün nadir bir platformadır. Bu il tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin kosmik sahədə texnologiyaların vacib rolunu vurğulamaqla yanaşı, bu sahədə innovasiyaların və tədqiqatların təşviqində regional mövqeyimizi gücləndirmək üçün imkan yaradacaq.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına görə, konfrans kosmos sahəsində 35 ölkədən 112 təşkilatı təmsil edən 400-dən çox iştirakçını bir araya gətirəcək. Bakı “STC-2025” konfransına Yaxın Şərq, Avropa, Asiya, Şimali və Cənubi Amerika, eləcə də Afrikadan iştirakçılar qatılacaq. Artıq dördüncü dəfə keçiriləcək “STC” konfransında kosmik agentliklərin liderləri, dövlət sektoru və özəl kosmik şirkətlərin nümayəndələri, investorlar, yerli və beynəlxalq media qurumlarının təmsilçiləri iştirak edəcəklər.
Qəzənfər QASIMOV
XQ