Zaqatala – yurdun qızılgül çələngi

post-img

Azərbaycanın ən gözəl, dilbər guşələrindən biridir Zaqatala. Buranı “Qızılgüllər diyarı” da adlandırırlar. Ən gözəl qızılgüllərin məhz Zaqatalada yetişdirildiyinə etiraz etməyə heç kimin dili gəlməz. Bu güllərin ətri, rahiyəsi çox uzaqlara yayılır. Qızılgüllər, çəmənlər, meşələr, çaylar bu torpağın hüsnünə sığal çəkir, hər kəsin ruhunu oxşayır. 

Xoşbəxtlikdən burada təkcə ana təbiət deyil, bu yurdun sakinləri də sadə, saf, əməksevər insanlardır. Onlar Zaqatalanın gözəlliyini qoruyub saxlamaq, şəhər və kəndlərinin daha da gözəlləşməsi üçün əllərindən gələni edirlər. Əlbəttə, dövlətimiz də bu xeyirxah işdə zaqatalalıların yanındadır.  

Hörmətli oxucu! Budəfəki söhbətimiz respublikamızın ən qədim qoruqlarından olan Zaqatala Dövlət Təbiət Qoruğu barədədir. Qoruq 1929-cu ildə Zaqatala və Balakən inzibati rayonlarının ərazisində, Böyük Qafqaz sıra dağlarının mərkəz hissəsinin cənub mikroyamaclarında yaradılmışdır. 

Ərazisi 23,844 hektardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ­2008-ci il 17 oktyabr tarixli 370s nömrəli qərarı ilə Zaqatala və Balakən meşə mühafizəsi və bərpası müəssisələrinin torpaqları hesabına ərazisi genişləndirilərək sahəsi 47.349 hektara çatdırılmışdır. Qoruq qonşu Gürcüstan Respublikası ilə həmsərhəddir.

Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisi meşələr, subalp və alp çəmənlikləri, yüksək sal qayalıqlardan ibarətdir. Böyük Qafqaz sıra dağlarının cənub yamaclarında, dəniz səviyyəsindən 650-3,646 metr hündürlükdə yerləşir. Yüksəklik artdıqca qoruğun iqlimi mülayim isti iqlimdən dağ tundrası iqliminə doğru dəyişir. Aşağı və orta dağ qurşaqları (800-2200 metr) fısdıq, vələs və palıd meşələri ilə örtülüdür, yüksəklik artdıqca isə bunlar subalp seyrəklikləri ilə, sonra subalp çəmənlikləri (2400 metr), daha sonra isə alp çəmənlikləri (3200 metrə kimi) və nəhayət, subnival və nival qurşaqları ilə əvəz olunur.

Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisi çox mürəkkəb və kəskin relyefə malikdir. Burada dağlar və yüksəkliklər dərin dərələr və daşlı-qayalı çay sahilləri ilə kəsilir. Qoruğun şimal hissəsində yerləşən dağlar şiş zirvəli sal qayalardan ibarətdir. Bu qayalar ilin çox vaxtı qar örtüyü altında qalır, cənub hissədəki günbəzvari dağlar isə alp çəmənlikləri ilə örtülü olur.

Qoruğun ərazisindən bolsulu Alazan çayı və onun qolları olan Katexçay və Balakənçay axır. Bu dağ çaylarının suyunun əsasını su ayrıclarında böyük miqdarda yağan qar və yağışlar təşkil edir. Çaylar orta dağlıq hissədə hündürlüyü 20 metrə çatan gözəl şəlalələr, keçilməz dərələr yaratmışlar.

Qoruqda 1000-dən artıq bitki növünə təsadüf edilir. Əsas meşə təşkil edən növlərdən fısdıq, palıd, vələs, cökə, göyrüş, şabalıd, qoz, qaraçöhrə, qarmaqvari şam və s. göstərmək olar. Burada 32 növ məməli, 89 növ köçəri və oturaq quşlar yaşayır. Qoruqda Şərqi Qafqaz təkəsi, maral, qarapaça və çöl donuzu vardır.

1950-ci ildə qoruqda elmi-tədqiqat işlərinin aparılması məqsədilə xüsusi şöbə yaradılıb. Hazırda da fəaliyyət göstərir.

Burada qoruğun əməkdaşları və elmi-tədqiqat və tədris institutlarının alimləri tərəfindən beynəlxalq bioloji problemlər üzrə tədqiqat işləri aparılır.

Sonda yalnız bunu demək qalır ki, ölkəmizin şimal-qərb bölgəsi olan Zaqatala–Balakənin füsunkar təbiəti çox sayda yerli və xarici turistlərin diqqətini özünə cəlb edir. Bu cənnətmisallı yerləri görənlər “buralara mütləq bir də gələcəyəm” deyir. Bu yerlərin camaatı isə qonaqların gəlişinə həmişə seviniblər, diqqət və qayğılarını onlardan əsirgəməyiblər.  

M.HACIXANLI  
XQ

Sosial həyat