Xalqımızın çörəkbişirmə mədəniyyəti UNESCO-nun qeyri-maddi irs siyahısında da yer alıb
Xalq sənətlərinin başqa yönlərindən fərqli olaraq milli mətbəximizdə qədim etnik əlamətlər daha güclüdür. Xalq mətbəxinin müxtəlif nemətləri yarandığı və yaşadıldığı ərazinin coğrafi, tarixi şəraiti ilə sıx bağlı olub.
İnsanların astronomik düşüncəsi belə milli mətbəxdə müəyyən izlər qoyub. Səma cisimlərinə bənzər çörək növləri belə təsəvvürlərdən qaynaqlanıb. Bir ərazidə yaranmış mətbəx nümunələri həmin yerin köklü əhalisinin qədim dünyagörüşünü (iqlim fərqliliyi, coğrafi yerləşmə, ənənə və s.) əks etdirməklə həmin dövrün önəmli çalarlarını günümüzədək yaşadıb. Bəli, mətbəx amilləri qədim mədəniyyət örnəkləri olaraq günümüz üçün böyük önəm daşıyır.
Mətbəx məhsullarının ən geniş yayılmış növlərindən olan, hətta süfrələrin “olmazsa-olmaz”larından sayılan, əvəzsiz neməti hesab olunan un və ondan hazırlanan məhsulların ən üstün nümunəsi çörək, eləcə də onun növləridir. Çörək ondan istifadə edən insanın “qarnını ən rahat doyuran” nemət kimi Tanrının insan övladına bəxş etdiyi misilsiz nemətdir. “Çörək bol olarsa, basılmaz Vətən”, – deyən böyük şairimiz Səməd Vurğunun parlaq ifadə etdiyi həqiqəti sonradan istedadlı şair Akif Əhmədgil “Basılmaz sərçəsi tox olan Vətən” misrası ilə bir az da bədiiləşdirib.
Ulu babalarımızın yetişdirdiyi buğdanın una çevrildiyi dəyirman, bərəkət ətirli nənələrimizin bu undan çörək bişirdikləri təndir zaman-zaman ellərimizdə müqəddəslik ünvanları kimi urvatlı tutulub. Bu yaddaşla bu gün “Nənəmin təndiri” milli mətbəx brendinə çevrilib.
Türk xalqlarında çörəyin hazırlanması məqamları və texnologiyasının özünəməxsus yönləri var. Eləcə də qədim tarixi qədər milli-mənəvi dəyərləri olan Azərbaycan xalqının da çörək mədəniyyəti ilə bağlı özünəxas yanaşmasını ifadə edən söz yaradıcılığı örnəkləri günümüzə gəlib çatıb. Ümumiyyətlə, çörəkbişirmə adət və texnologiyası Azərbaycan xalqında çox qədim etnik psixoloji-fəlsəfi dünyagörüşə dayanmaqla yanaşı, coğrafi, mədəni, eləcə də tarixi özünəməxsusluğu ilə də seçilir.
Azərbaycanda çörəkbişirmənin qədimliyini ifadə edən faktlardan biri də xalqın mənəvi mədəniyyətini əks etdirən onun şifahi sözlü sənətdir. Ağız ədəbiyyatımızda çörəyin müqəddəsliyini əks etdirən yetərincə söz yaradıcılığı nümunələri: atalar sözləri və məsəllər, deyimlər, inanclar, sınamalar, lətifələr, bayatılar, andlar, alqış-qarğışlar, mərasim elementləri və s. yaradılıb.
Müxtəlif mərasimlərdə çörəyin həmin mərasimin əsas elementi kimi dəyərləndirilməsi insanların bu əvəzsiz neməti əldə etməsi, onu qoruması, həyat mənbəyi kimi dəyərləndirməsi, ümumiyyətlə, bu qidanın məişətindəki gərəkliyi anlamasını ifadə edən düşüncələrdən qaynaqlanır. Mərasimlərdə hazırlanan çörəklərin özünün də xalq təfəkküründə dərin rəmzi çalarları var.
Məsələn, “toy çörəyi” adı ilə tanınan, bu şənliyin əsas adətlərindən hesab olunan çörəkbişirmə mərasimi elin köməyi və dəstəyi olmadan həyata keçməyib. Toya bir-iki gün qalmış evin qadını kəndin əliduzlu arvadlarını çörək bişirməyə dəvət edərdi. Belə dəvəti alan hər qadın çörək bişirməyə gəlməyi özünə borc bilərdi.
Etnoqrafik araşdırmalarda göstərilir ki, toy sahibi çörəkbişirənlər üçün qabaqcadan kiçik hədiyyələr hazırlayar, hər birinə iş zamanı geyinmək üçün önlük bağışlardı. Çörəkbişirməyə yığışmış kəndin qadınları şənliyədək lazım olan qədər çörəyi bişirib qurtarardılar. Bir qayda olaraq, belə iməciliklər özü də çal-çağırsız keçməzdi. Qız-gəlinlərlə bərabər, şair təbli qadınlar da bayatı deməkdə yarışardırlar. Söylənilən bayatılar toy məclisinin məzmununa, gəlinlərə və çörəkbişirənlərə həsr edilərdi.
Xalq arasında toy mərasimində çörəkbişirmə ənənəsini özündə ifadə edən şifahi sözlü sənət örnəkləri də günümüzədək yaşayıb. Bir el bayatısında da məhz bu adətin izlərinin qorunduğunu müşahidə edirik:
Ulduz gəlin, ay gəlin,
Yoxdur sənə tay gəlin.
Qardaşının toyudur,
Nazik yuxa yay, gəlin.
“Çörək açan qapını heç kəs aça bilməz”, – deyən ulularımız çörəyin sülhü bərqərar edən nemət olduğunu nəzərdə tutublar. Qədim ənənələrdə aralarında uzun zaman umu-küsü yaranmış ailələr, tayfalar barışıq üçün biri digərinin evinə əlində çörəklə gedərmiş. Belə olduqda qarşı tərəf gələnə qapısını xoşluqla açar, arada olan umu-küsünü elə oradaca unudardı. Ellərimizdə əziz qonaqları duz-çörəklə qarşılamaq adəti indi də yaşayır.
Günümüzdə bunun izləridir ki, toy günü gəlin yeni evə gələndə onun başı üzərində çörək kəsilər. Bu, evə yeni qədəm qoyan gəlinin özü ilə ruzi-bərəkət gətirməsi inancı ilə yanaşı, həm də mehribanlıq, dostluq, sülh gətirəcəyi arzusunu və inancını da ifadə edir.
Folklorumuzda insanın psixoloji-fəlsəfi dünyagörüşünü, mənəvi aləmini çox aydın ifadə edən, çörəyin müqəddəsliyini bir daha təsdiq edən deyimlər, atalar sözləri və məsəllər, eləcə də sözün sehri qüvvəsinə inamı xarakterizə edən alqış-qarğışlar, inanc-sınama örnəkləri yetərincədir:
Çörəyi daşdan çıxmaq; çörəyi qulağına yemək; çörəyinin dəlisi / çörəyinin düşməni (bədxərclik); çörəyi yeməmiş şükrünü eləyir; çörək tapmır yeməyə, soğan yeyir ki, iştahası açılsın; çörəyi yağdadı; çörəyi dizinin üstündədir; itə də bir çörək borcludur; çörəyi ərşə çəkilmək; çörək itirən olma; təknən boş qalmasın; təknən bin-bərəkətli olsun!
Ordubadın Üstüpü kəndində çörəksaxlama ənənəsi etnoqrafik əşyaların da formalaşmasına təsir edib. Belə ki, çörəyi həm keyfiyyətli qoruyub saxlamaq, həm də onun israfının qarşısını almaq üçün daraba deyilən dolablardan istifadə olunur.
Çörəyin müxtəlif növləri vardır. Bunlardan lavaş adlanan nazik qatlı çörəyi qurudaraq uzun müddət saxlamaq olur. Buna Azərbaycanın bəzi ərazilərində yuxa da deyirlər. Naxçıvanda məxsusi olaraq lavaşla yeyilən xörək növləri də var. Və lavaşa bükülərək hazırlanan yemək növü isə dürmək adlanır.
Çörəyi bişirmək üçün ən optimal və qədim vasitə təndirdir. Təndir hazırlanması və ondan istifadə də Azərbaycanın regionlarlında müxtəlif fərqli məqamlarla izlənilir. Naxçıvanda təndirdə bir çox bayramlara xas olan çörək növləri bişirilir. Buna Naxçıvanın şəhər əhalisi, Şərur, Şahbuz və s. əraziləridə yaşayan əhali “çöçə” (kökə) deyir. “Çöçə”lərin içərisi müxtəlif ərzaqlardan hazırlanan içliklə doldurulur.
Ümumiyyətlə, çörəkbişirmə adəti və təndir sənətkarlığı Azərbaycan xalqının qədim milli ənənələri içərisində özünəməxsus yer tutur. Bu ənənənin qorunması və yaşadılması təkcə milli deyil, həm də bəşəri önəm daşıyır. Elə buna görə də ötən il “Azərbaycanın təndir sənətkarlığı və çörəkbişirmə üsulu” UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edildi.
Bu yerdə bir el deyimi də yada düşür: Ulu Tanrı heç vaxt xalqımızı çörəklə imtahana çəkməsin. İlk günlərimi yaşadığımız yeni ildə də çörəklə yanaşı, bütün nemətlərimiz bol, evlərimiz-ellərimiz ruzili-bərəkətli olsun!
Aytən CƏFƏROVA,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı, dosent