Peşəkar qələm sahibi

post-img

Oqtay Bayramov – 80

O, mətbuatda düz 50 il idman jurnalisti kimi çalışıb. Ölkə və dünya səviyyəli yarışlarda idmançılarımızın parlaq və heyrətamiz qələbələrindən şövqlə yazıb. Həm də azarkeşlik edib, idmanımızın və idmançılarımızın təəssübünü çəkib. Problemlərdən söz açanda da səmimi olub. İdman jurnalistikamızın inkişafında onun danılmaz xidmətləri var. Söhbət Azərbaycan Respublikasının Əməkdar jurnalisti Oqtay Bayramovdan gedir.

Həyatda isə o, çox sadə və iddiasız insandır. Özü, yarım əsrdən çox bir zaman müddətində gördüyü işlər barədə danışmağı ağlına belə gətirmir. Jurnalistikaya gəlişinin isə maraqlı tarixçəsi var. 1968-ci ildə Azərbaycan Dövlət Pedaqoji Dillər İnstitutunun ispan dili fakültəsini bitirmişdi. Bir il əvvəl isə Kubada 1 illik stajirovka keçmişdi. O illərdə ispan dili ixtisası üzrə bitirən məzunlara təyinat vermirdilər. Görünür, tale ona arzusunda olduğu idman jurnalistikası sahəsində parlamaq üçün şans saxlamışdı.

Oqtay müəllim xatırlayır ki, ali məktəbi yenicə bitirdiyi günlərin birində tələbə yoldaşı Fərhad Əliyevlə birlikdə o illərdə gəzə-gəzə şəhərin mərkəzində yerləşən, Azərbaycan və rus dillərində nəşr olunan “İdman” (“Sport”) qəzetlərinin redaksiyasına gəliblər. Fərhad ona burada işə düzəlmək üçün bəxtini sınamağı məsləhət görüb. Dostunun israrlı təklifi onu cəsarətləndirib. Baş redaktor Mirpaşa Miriyev isə qısa yoxlamadan sonra Oqtaya deyib ki, ayın əvvəlində gəl, səni işə götürürəm.

Beləliklə, o, şansıını qaçırmayıb, sonrakı 27 il ərzində bu populyar qəzetdə əvvəlcə tərcüməçi, qısa müddət sonra ədəbi redaktor, şöbə müdiri, baş redaktorun müavini vəzifələrində çalışıb. 1980-ci ildən baş redaktorun I müavini vəzifəsinə irəli çəkilib. Sonra isə 1995-ci ildən 2018-ci ilədək “Xalq qəzeti”ndə idman şöbəsinə rəhbərlik edib. Hər iki kollektivdə istedadı və davranışı ilə dərin hörmət qazanıb.

1970-ci illərdə “İdman (“Sport”) qəzetləri həftədə 3 dəfə nəşr olunurdu. Qəzetin Azərbaycan dilində tirajı 120–130 minə çatırdı. “Çovkan” və “Şahmat” əlavələri də çıxırdı. “İdman” qəzeti, təbii ki, daha çox populyar idi. Kiosklara daxil olması ilə satılıb qurtarırdı. Qəzetə daimi abunə olmaq üçün redaksiyaya gələrək minnətçi düşənlər də az olmurdu. Etiraf edək ki, bu gün çap mətbuatının çətin günlər yaşadığı dönəmdə, həmin dövr indi çoxlarımıza nağıl kimi gəlir.

Nə isə, qayıdaq bir qədər əvvələ. İdman mövzusunda jurnalistlər o dönəmdə, az qala, tanınmış futbolçular qədər populyar idilər. Gənc Oqtayın qəzetin səhifələrində maraqlı, oxunaqlı yazıları dərc olunurdu. İmzası tanınırdı, sevilirdi. Qələmə aldığı mövzuları dərin öyrənirdi. Redaksiyanın “əsas yükü”nü öz çiyinlərinə götürən əməkdaşlardan sayılırdı. O, heç vaxt nə həyatda, nə də yaradıcılığında “xaltura” etməyib. Xarakteri belədir!

Bəzən gənc jurnalistlərə idmandan yazmaq asan gəlir. Tam məsuliyyətlə deyə bilərik ki, bu, əslində, heç də belə deyil. Belə ki, idman jurnalistikası idmanın özü qədər geniş və çoxşaxəli sahədir. Əlbəttə, futbol mövzusu bir idman jurnalisti olaraq Oqtay müəllimə də “bir köynək” yaxındır. O, xasiyyətcə az danışan, təmkinli, necə deyərlər, abırlı adamdır. Amma, elə ki, “Neftçi”nin 1966-cı ildə bürünc medal almasından, əfsanəvi hücumçu Banişevskidən, eləcə də Tuayev, Hacıyev və başqalarından söz düşür, bir qayda olaraq dərhal simasında xoş bir təbəssüm yaranır. Belə anlarda onu dinləmək çox xoş olur.

Yeri gəlmişkən, ispan dili üzrə ali təhsil alması və dili əla bilməsi dəfələrlə karına gəlib. Fikrimizcə, burada 2 faktı qeyd etsək, kifayət edər. Birinci olay. 1986-ci ildə gənclər arasında futbol üzrə dünya çempionatı SSRİ-nin 4 böyük şəhərində – Moskva, Kiyev, Minsk və Bakıda keçirilirdi. Azərbaycan paytaxtına 4 komanda gəlmişdi. Onların arasında Meksika və Paraqvayın gənc futbolçulardan ibarət milli yığmaları da vardı.

İndiki Tofiq Bəhramov adına stadionda oyunların başlaması ilə əlaqədar mətbuat konfransı təşkil olunmuşdu. Qrupun digər qonaqları kimi, Meksika və Paraqvay yığma komandalarının məşqçiləri də jurnalistlər qarşısında çıxış etməli idilər. Kimsə deyib ki, ispan dilindən tərcüməçi yoxdur. Mətbuat konfransının aparıcısı, tanınmış idman jurnalisti Aqşin Kazımzadə dərhal söyləyib ki, “narahat olmayın, Oqtay Bayramov buradadır”. O hadisənin canlı şahidi olan bir həmkarımız nəql edir ki, Oqtay müəllim mətbuat konfransında qonaqların fikirlərini çox məharətlə tərcümə edib. Bu, məşqçilərin “tərcüməçi”yə xüsusi bir ehtiramla baş əymələrindən hiss olunub.

İkinci olay. Oqtay Bayramov 1986-cı ildə SSRİ idman jurnalistlərinin tərkibində Meksikada futbol üzrə keçirilən dünya çempionatını işıqlandırmaq üçün ora yola düşmüşdü. Oqtay müəllim 3 həftə ərzində oradan bir-birindən maraqlı reportajlar hazırlayaraq göndərmişdi. Bakıya qayıdandan sonra isə planetin futbol həyəcanı barədə təəssüratlarını silsilə yazılarla oxuculara təqdim etmişdi.

Lakin belə bir məqamı isə çox az adam bilir ki, bakılı müxbir Meksikaya gələn sovet jurnalistlərinin çoxu üçün həm də “könüllü tərcüməçi” olmuş, təmənnasız köməyə görə orada həmkarlarından, azı, yüz kərə ürəkdolusu təşəkkür eşitmişdi. Axı, o illərdə xarici dilləri yaxşı bilən mütəxəssislər az idi. Oqtay Bayramov isə heç vaxt etdiyi yaxşılıqlar üçün heç kəsə minnət qoymayıb. Belə hallarda ömrü boyu lütfkarcasına deyibdir: “Burada nə var ki, borcumdur.”

O, öz peşəsinə, idman şöbəsinin müdiri kimi vəzifə və öhdəliklərinə qarşı çox məsuliyyətlidir. Ondan heç vaxt və heç kim heç nə tələb etməyib. Hamı bilir ki, o, öz boynuna düşən hər bir şeyi vaxtında və ən yüksək səviyyədə yerinə yetirəcək. O, cərrah olsaydı, şəxsən biz böyük məmnuniyyətlə onun pasiyentləri olmaqdan çəkinməzdik.

Həm də tələbkardır. Redaksiyada hamı bilir ki, gecə növbətçiliyi, adətən, obyektiv səbəblərdən gərgin keçir. Bəzən növbətçi redaktorlar, səhifə növbətçiləri, korrektorlar sübhə qədər işləməli olurlar. Oqtay müəllim belə hallarda nə özünə, nə də başqalarına “rəhm” etməyib. Qəzetin hər bir yeni nömrəsinin xəta və səhvsiz çıxması üçün çalışıb. Onun növbətçi olduğu nömrələrdə kobud səhvlərə, demək olar ki, heç vaxt rast gəlinməyib.

Oqtay Bayramov “Xalq qəzeti”ndə çalışdığı illərdə müstəqil Azərbaycan dövlətinin idman siyasətinin məğzini, mahiyyətini şərh edən çox sayda publisistik məqalələr hazırlayaraq dərc etdirmişdir. 2018-ci ildə işıq üzü görən “Heydər Əliyev və Azərbaycan şahmatının zəfər salnaməsi” kitabının müəllifidir. Məşhur güləş mütəxəssisi, Azərbaycan və SSRİ-nin Əməkdar məşqçisi Ehsan Kərimova həsr olunan “İdmanda yaşanan şərəfli ömür” adlı nəşrin mətni də onun qələminin məhsuludur. Bundan başqa, məşhur futbol hakimi Eldar Əzimzadənin “Məhəbbətim mənim – futbol” (1998) kitabının redaktorudur. Təsadüfi deyil ki, Azərbaycan Ensiklopediyasının yeni nəşri hazırlanarkən idman bölməsinin materiallarının hazırlanmasını məhz Oqtay müəllimə etibar etdilər. O, 2018-ci ildən Əməkdar jurnalist, eyni zamanda, Azərbaycan Respublikası Fəxri Bədən Tərbiyəçisi və İdman işçisidir.

Xoşbəxtlikdən, təcrübəli jurnalist Oqtay Bayramov bu gün də XQ ilə yaradıcılıq əlaqələrini davam etdirir. Təkcə son 2 il 3 ayda onun doğma qəzetin səhifələrində 125 yeni yazısı dərc olunub. Qeyd etmək lazımdır ki, bunlar adi, sıradan bir yazılar deyil. Hər biri oxucu diqqəti cəlb edən dərin məzmunlu məqalə və reportajlardır. Təbii ki, Oqtay müəllimin imzası olan yerdə söhbət ancaq yüksək peşəkarlıqdan gedə bilər.

2025-ci il yanvarın 1-də Oqtay Bayramovun 80 yaşı tamam olacaq. Bəli, o, Azərbaycanın idman jurnalistləri cameəsində parlaq imzası ilə tanınmış sevilən, seçilən insanlardandır. Sadəliyi, insanpərvərliyi, peşəkarlığı hər kəsə bəllidir. Halal və dürüst adamdır. Belə şəxsiyyətlər, istedadlı qələm sahibləri, bütövlükdə jurnalistikamızın iftixarı, sərvəti hesab olunur. Oqtay müəllim, təbii ki, ailəsi, doğmaları tərəfindən çox sevilən, qarşılıqlı inam, hörmət, diqqət və qayğı ilə əhatə olunan xoşbəxt insandır. Onun buna tam mənəvi haqqı çatır. Ona görə ki, o, bütün insani münasibətlərdə çox etibarlı və dəyanətlidir. Etiraf edək ki, belə şəxslərin cəmiyyətdə dəyəri ən yüksək əyarlarla ölçülür.

Sonda yubilyara dərin rəğbət və ehtiramımızı bildirməyi özümüzə borc və şərəf bilirik. Bu, əlbəttə, həm də böyük bir kollektivin səmimi ürək sözləridir: Çox hörmətli Oqtay müəllim! Qocaman XQ-nin redaksiyası bundan sonra da sizə əziz və doğma ünvan olaraq qalacaq. Buraya hər gəlişiniz, hətta adi telefon zənginiz bizi sonsuz dərəcədə sevindirəcək. Doğum gününüz və Yeni iliniz mübarək olsun!

Qabil YUSİFOĞLU,
Məsaim ABDULLAYEV
XQ



Sosial həyat