Oskanyan köhnə əyyamda ilişib qalıb

post-img

Hələb ermənisi hələ də başa düşmür ki, onun qatarı çoxdan gedib

Azərbaycan torpaqlarında erməni separatizminin baş qaldırmasının qızğın təşəbbüskarı, ölkəmizə qarşı aparılan hərbi əməliyyatların, o cümlədən Xocalı soyqırımının bilavasitə iştirakçısı, sonralar Ermənistan prezidenti Levon Ter-Petrosyanı istefaya məcbur edərək onun kürsüsünə yiyələnən Robert Koçaryanın hakimiyyəti illərində (1998-2008) xarici işlər naziri olan Vardan Oskanyan öz ampluasındadır. O, vaxtaşırı ölkənin indiki hakimiyyətini müxtəlif məsələlərlə bağlı kəskin tənqid edir. Xüsusilə, Nikol Paşinyan iqtidarının xarici siyasət kursunu hədəfə alır. Eyni zamanda, Qarabağı öz xoşları ilə tərk etmiş ermənilərlə bağlı xüsusi canfəşanlıq edir. Vardan hazırda “Qarabağ xalqının kollektiv repatriasiyası (geri qayıdışı) və digər əsas hüquqları komitəsi”nə rəhbərlik edir. Yeri gəlmişkən qeyd edək ki, komitədə Oskanyanla yanaşı, Qarabağın “ombudsmanı” Qeqam Stepanyan, “Hay dat”ın Avropa bürosunun rəhbəri Qaspar Karapetyan, “Hayatsk” analitik mərkəzinin rəhbəri Karen Bekaryan, “Hay dat” mərkəzi bürosundan Mario Nalbadyan (Argentina), hüquqşünas və beynəlxalq əlaqələr üzrə mütəxəssis Qarnik Krkonyan (ABŞ) kimi separatçı, dağıdıcı ünsürlər təmsil olunurlar.

V.Oskanyan 2024-cü ilin yazında erməni apostol kilsəsinin Tavuş vilayəti üzrə yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyanın qondarma hərəkat yaradıb Azərbaycanla sərhədyanı Kirants kəndindən İrəvan səfər etməsi və paytaxta yetişib burada mitinqlər keçirməsi zamanı vəcdə gəlmişdi. O, mitinqçilərə açıq dəstək vermiş, özü küçələrə çıxaraq onların sıralarına qoşulmuşdu.

“Facebook” sosial şəbəkəsində yerləşdirdiyi videomaterialda bildirmişdi ki, N.Paşinyanın istefasını tələb edən hərəkatın baş nazirliyə namizədi B.Qalstanyan olmalıdır: “Düşünürəm ki, Qalstanyan düzgün yoldadır. O, bəyan etdi ki, Paşinyana etimadsızlıq göstərilməsi prosesinə başlanması üçün parlamentdəki siyasi qüvvələrlə məsləhətləşmələr keçirəcək. Əlbəttə, konstitusiya, bu siyasi qüvvələrin də baş nazirliyə öz namizədlərini təqdim etmələrinə imkan verir. Hazırkı vəziyyətdə, hökumət başçısı postuna arxiyepiskop Baqrat Qalstanyan özü namizəd olmalıdır”.

Oskanyan demişdi ki, detallar barədə məlumatlı deyil. Lakin düşünür ki, belə də olacaq. Çünki Baqratın başçılıq edəcəyi hökumət müvəqqəti, ola bilsin ki, bir il müddətinə mövcud olacaq. Sonra isə parlament seçkiləri keçiriləcək və onun nəticəsinə əsasən, ölkənin yeni baş naziri məlum olacaq: “Bu müddət ərzində bir sıra problemlər həll ediləcək, erməni xalqı belini dikəldəcək. Bundan sonra ədalətli seçkilər keçirmək olar. Bu keçid dövrü üçün ən uyğun namizəd bütün bu prosesi başladan, öz sədaqətini əməldə nümayiş etdirən və hədəflərinə nail olmaqda tam qətiyyətli şəxs olmalıdır”.

Ancaq, məlum olduğu kimi, Baqratın bütün cəhdləri nəticəsiz qaldı və erməni xalqı yenidən müharibəyə çağırış edən radikal revanşist qüvvələrə öz yerini göstərdi. Oskanyan həmin qüvvələrin tipik nümayəndəsidir. Onun Ermənistan xarici siyasət idarəsinə rəhbərlik etdiyi dövr bizim yaxşı yadımızdadır. Həmin illərdə Azərbaycan işğal altındakı torpaqlarının danışıqlar yolu ilə azad olunacağına ümidini hələ tam itirməmişdi. Vardanyan xarici işlər naziri kimi danışıqlar prosesinin birbaşa iştirakçısı idi.

Müxtəlif ölkələrin paytaxtlarında azərbaycanlı həmkarı ilə keçirdiyi görüşlərdən sonra mətbuata verdiyi açıqlamalarda onun təkəbbürlü davranışı diqqəti dərhal cəlb edirdi. O illərdə Oskanyan özünü müharibədə qalib gəlmiş dövlətin naziri kimi aparır, lovğalığından yerə-göyə sığışmırdı. Onlar həmsədr dövlətlərlə birləşib xarici havadarlarına güvənərək, Azərbaycanı yaranmış vəziyyətlə barışmağa məcbur etmək istəyirdilər. Düşünürdülər ki, Bakı gec-tez mövcud status-kvonu qəbul edəcək. Ancaq rəsmi Bakı danışıqlar aparmaqla yanaşı, ordu quruculuğuna da xüsusi diqqət yetirirdi. 2016-cı ilin Aprel döyüşləri Azərbaycanın gücünün ilk göstəricisi oldu. Azərbaycan Ordusu düşmənin uzun illər ərzində qurub möhkəmləndirdiyi müdafiə xəttini yarıb keçdi. Nəticədə, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, o vaxtlar Madagiz adlanan Suqovuşan kəndi istiqamətində bəzi mövqelər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı və Goranboy rayonunun Gülüstan kəndi istiqamətində yollar düşməndən təmizləndi. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi. Bu zaman əl-ayağa düşən haylar Rusiya Müdafiə Nazirliyinə yalvararaq atəşkəs əldə edilməsinə nail oldular.

Düzdür, həmin vaxt Oskanyan daha XİN başçısı deyildi. Həmin dövrdə prezident postuna Qarabağ klanının digər nümayəndəsi Serj Sarkisyan yiyələnmiş, xarici siyasət idarəsinə isə Oskanyandan daha təkəbbürlü birisi – Edvard Nalbandyan başçılıq edirdi. Onlar eyni qruplaşmanı təmsil edirdilər və İkinci Qarabağ müharibəsi başlananda onların siyasi səhnədən silinib atılmalarından cəmi 2 il keçmişdi. Bu mənada Prezident İlham Əliyevin də çıxışlarında bildirdiyi kimi, biz 44 günlük müharibə zamanı Koçaryanın, Sarkisyanın qurub yaratdığı ordunu darmadağın etmişik. Eyni zamanda, Azərbaycan siyasi-diplomatik müstəvidə də Oskanyanın, Nalbandyanın vaxtilə rəhbərlik etdiyi qurumları mat vəziyyətinə salıb.

Gələn ay 70 yaşını qeyd edəcək bu Hələb ermənisi yaşının ötməsinə, xəstə halına baxmayaraq, sanki hələ də siyasi dövriyyədə olduğunu sübut etməyə çalışır. Deyib ki, N.Paşinyan tükənib, xalq məğlubiyyətlərdən, itkilərdən, sui-istifadələrdən, hakimiyyətdəkilərin həyasızlığından, onların manipulyasiyalarından bezib. Bu səbəbdən ölkənin baş naziri istefa verməlidir: “Paşinyanın istefa vermək barədə düşünməsinin vaxtıdır. Bu, indiki vəziyyətdən çıxa bilməsi üçün erməni xalqına ən yaxşı Yeni il hədiyyəsi olardı”.

Vardan daha sonra separatçı xunta rejiminin Bakıda saxlanılan keçmiş başçıları barədə danışıb. “Məhbus” adlandırdığı şəxslərin uzun müddətdir “qeyri-qanuni” saxlanıldıqlarını iddia edib və deyib ki, iki ildir sülh müqaviləsi ilə bağlı danışıqlar davam edir: “Mən şübhə etmirəm ki, bütün oğlanlarımız (?) tezliklə qayıdacaqlar və bəlkə də Paşinyan, nəhayət, Azərbaycanla hansısa kağızı imzalayacaq. Bəlkə Türkiyə ilə sərhəd açılacaq, amma bu, bizə təsəlli verməyəcək. Çünki bu, Paşinyanın səhvlərinə görə, “Artsax”ı itirmək bahasına olacaq”.

Oskanyan son günlərdə Ermənistan cəmiyyətində əsas müzakirə olunan məsələyə də toxunub. Deyib ki, N.Paşinyanla debatı baş tutsaydı, ATƏT-in keçmiş Minsk qrupu həmsədrlərinin 2007-ci ildə təqdim etdiyi Madrid prinsipləri ilə bağlı sənədi özü ilə gətirərdi. Vardan bu sənədi 1994-cü ildən davam edən danışıqların “kulminasiya sənədi” adlandırıb: “Əgər Paşinyan deyirsə ki, 1994-cü ildən “Artsax”ın Azərbaycana verilməsi ilə bağlı danışıqlar aparılıb, bu o deməkdir ki, “kulminasiya sənədi”ndə belə bir məqam öz əksini tapmalı idi. Amma, bu, sadəcə olaraq, təsbit edilməyib, əksinə, sənəddə “Dağlıq Qarabağ xalqı”nın (?) öz müqəddəratını təyinetmə hüququnu təsbit olunur. Bu, onu deməyə əsas verir ki, Nikol xalqa yalan danışır, amma bunu hansı məqsədlə etdiyini başa düşə bilmirəm. Paşinyan sıfır nöqtədən başlamalı, Madrid prinsipləri əsasında danışıqları davam etdirməli idi. Belə olan halda bu gün Laçın dəhlizi ilə birgə “Artsax” olardı, sərhədləri açıq normal Ermənistan–Azərbaycan və Ermənistan–Türkiyə münasibətləri qurulardı. Paşinyan “Artsax”ın itirilməsinin əsas günahkarıdır və buna görə cavabdehdir. Mən onu məsuliyyəti başqalarının üzərinə atmamağa, öz üzərinə götürməyə çağırıram”.

“World Panorama” Strateji Araşdırmalar və İnkişaf Mərkəzinin rəhbəri, politoloq Ramiyə Məmmədova məsələ ilə bağlı XQ-yə şərhində bildirdi ki, Qarabağ erməniləri ilə bağlı hazırda mövcud olan durumun yaranmasının baiskarı Paşinyan yox, əvvəlki Ermənistan iqtidarıdır. Onun sözlərinə görə, məhz R.Koçaryan, S.Sarkisyan və digər bu kimi ünsürlərin 1980-ci illərin sonlarından etibarən fəal rol oynadıqları “Qarabağ hərəkatı” 2023-cü ildə bölgədə yaşayan ermənilərin oranı tərk etmələri ilə nəticələndi. Eyni zamanda, Oskanyan, Nalbandyan kimiləri də bu prosesdə qızışdırıcı rol oynadılar. Onlar siyasi uzaqgörənlik edə, ölkəmizin gücünü yetərincə qiymətləndirə bilmədilər. Nəticədə, 2020-ci ildə İkinci Qarabağ müharibəsi və 2023-cü ildə lokal xarakterli antiterror tədbirləri baş verdi: “Oskanyanın açıqlaması həqiqətə uyğun deyil. Çünki Minsk qrupunun həmsədrləri bölgəyə yalnız turist səfərləri təşkil edirdilər. Üç ölkənin nümayəndələri münaqişəni həll etmək adı altında Ermənistana, Azərbaycana və Qarabağ bölgəsinə səfər edərək mənasız təşəbbüslərlə çıxış ediblər. Bununla onlar görüntü yaradıblar, yüksək əməkhaqqı alıblar. Minsk qrupunun fəaliyyəti qətiyyən təqdir oluna bilməz. Onların fəaliyyətinin nəticəsiz olduğunu sonda Rusiya və ABŞ da etiraf etməli oldu, Fransa isə cığallıq edərək bundan yayındı”.

R.Məmmədova dedi ki, Qarabağ klanının baş vermiş hadisələrə görə N.Paşinyanı və onun hökumətini ittiham etməsi ilk dəfə deyil: “Təbii ki, biz Paşinyanı müdafiə etmək niyyətindən uzağıq. Amma qeyd etmək lazımdır ki, sonradan Azərbaycanla müharibənin başlanmasına gətirib çıxaran separatizm ocağını Xankəndidə məhz Qarabağ klanı alovlandırıb. Xocalı soyqırımının, xalqımızın başına gələn digər faciələrin təqsirkarları da məhz onlardır. Onlar Qarabağın azadlığı ilə nəticələnmiş 44 günlük müharibəni Ermənistan cəmiyyətinə Azərbaycan Ordusunun qələbəsi kimi deyil, Paşinyanın uğursuzluğu kimi qəbul etdirmək istəyirlər. Deyirlər ki, Paşinyan olmasaydı, Qarabağ ermənilərin olaraq qalacaqdı. Ancaq bu ermənilərin xarici havadarları tərəfindən ortalığa atılan, üçüncü dövlətlərə məxsus olan yanaşmadır. Onlar bu gün xarici havadarlarının belə cəfəng fikirlərini cəmiyyətə ötürməklə məşğuldurlar. Yəni öz uğursuzluqlarını Paşinyanın və komandasının üstünə atmaq istəyirlər. Halbuki, bu vəziyyət 20 ildən çox hakimiyyətdə olan Qarabağ klanının, o cümlədən Oskanyanın özfəaliyyətinin nəticəsidir”.

Politoloq qeyd etdi ki, onların ucbatından Ermənistan nəinki müharibədə məğlub oldu, eyni zamanda, ölkənin iki qonşu dövlətlə, yəni Azərbaycan və Türkiyə ilə sərhədlərinin uzun illərdir bağlı olması Hayastanda sosial-iqtisadi problemlərin həllini tapmamasını şərtləndirir. Hazırda Ermənistanın düşdüyü geosiyasi dalan vəziyyətinin yaranması da onların “əməyinin” nəticəsidir. Bu səbəbdən onlar yaranmış vəziyyətin təqsirini Paşinyanın üzərinə atmamalı, özlərinə sual edib ona səmimi cavab verməlidirlər.

R.Məmmədova onu da bildirdi ki, həmsədrlər də Qarabağın və işğal olunmuş digər rayonların Azərbaycanın suveren ərazisi olduğunu çox yaxşı bilirdilər. Onlar Azərbaycanın Qarabağı geri qaytara bilməməsi üçün min cür oyun qurdular: “Oskanyan iddia edir ki, Bakı və İrəvanın danışıqlar üçün əsas kimi qəbul etdikləri Madrid prinsiplərində Azərbaycanın ərazi bütövlüyü haqqında bir kəlmə belə yoxdur. Oskanyanın açıqlaması bir daha sübut edir ki, ATƏT-in Minsk qrupu fəaliyyət göstərdiyi ərzində yalnız ermənilərin maraqlarına uyğun təşəbbüslər irəli sürüb. Bu mənada hazırda rəsmi Bakının qrupun ləğv olunması istiqamətində səy göstərməsi də tamamilə məntiqlidir. Ancaq Prezident İlham Əliyevin bu yaxınlarda bildirdiyi kimi, Ermənistanın onun ləğv edilməsini, ATƏT-in Minsk qrupunun ləğv edilməsi üçün bizimlə birlikdə ATƏT-ə müraciət etməyi istəməməsi onu göstərir ki, revanşistlərin planları kifayət qədər ciddidir”.

Səxavət HƏMİD
XQ

Siyasət