"COP29: Dünyanın Ekoloji Rifah və Sabitlik Platformasıdır" adlı kitabın təqdimatı keçirilib

post-img

“COP29 Dünyanın Ekoloji Sabitlik Platformasıdır” mövzusunda beynəlxalq multidissiplinar konfrans  və tədbir çərçivəsində ‘COP29: Dünyanın Ekoloji Rifah və Sabitlik Platformasıdır’ adlı kitabın təqdimatı keçirilib.

“Hilal” Sosial Araşdırmalar ictimai birliyinin yaratdığı “Yaşıl Enerjiyə Dəstək İctimai Təşəbbüs Qrupunun” təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan və Türkiyədən olan elm xadimləri, alimlər, dövlət rəsmiləri, müxtəlif sahələrin mütəxəssisləri bir araya toplanıb. Konfrans AZAL təyyarə qəzasında həlak olanların əziz xatirəsinə bir dəqiqəlik sükutla başladı. Daha sonra tədbirin açılışı rəsmi çıxışlarla davam etdi.

Konfransın açılış nitqi ilə çıxış edən “Hilal” Sosial Araşdırmalar ictimai birliyinin sədri Arzuman Abdulkərimov COP29-un Azərbaycan üçün strateji əhəmiyyətindən danışdı: “Bu konfrans təkcə ekoloji sabitliklə bağlı problemlərin müzakirəsi deyil, həm də Azərbaycanın ekoloji inkişafının və yaşıl enerji sahəsində təşəbbüslərinin beynəlxalq miqyasda tanıdılması üçün mühüm platformadır. Bu baxımdan, dərc olunan ‘COP29: Dünyanın Ekoloji Rifah və Sabitlik Platformasıdır’ adlı kitabın böyük əhəmiyyəti var. Kitabın idea müəllifi olan  Arzuman Abdulkərimov COP29-un qlobal miqyasda ekoloji sabitlik və rifahın təmin olunmasındakı rolunu geniş izah edib. Bu platforma Azərbaycanın gələcəkdə ekoloji problemlərin həllində beynəlxalq əməkdaşlığa töhfə verməsinə şərait yaradacaq”.

Arzuman Abdulkərimov, həmçinin konfransın elmi və praktiki nəticələrinin təkcə regional deyil, qlobal miqyasda əhəmiyyətli olacağını vurğuladı.

Milli Məclisin deputatı Vüqar İskəndərov konfransın əhəmiyyətini vurğuladı: “COP29 qlobal iqlim dəyişikliyi və ekoloji problemlərlə bağlı vacib həll yolları təqdim edir. Azərbaycan bu konfrans vasitəsilə yaşıl enerji və ekoloji layihələr sahəsində nailiyyətlərini nümayiş etdirərək beynəlxalq əməkdaşlığa töhfə verir. Bu tədbir, xüsusilə işğaldan azad olunmuş ərazilərimizdəki ‘ağıllı şəhər’ və ‘ağıllı kənd’ layihələrinin inkişafını dünya ictimaiyyətinə çatdırmaq üçün unikal platformadır.”

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Əfqan Vəliyev çıxışında erməni işğalı nəticəsində Azərbaycanın ekosisteminə dəymiş zərəri önə çəkdi: “Azərbaycanın işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı ekoloji problemlər müşahidə olunur. Ermənilər işğal dövründə bu ərazilərin təbii resurslarını talan edib, flora və faunaya ciddi ziyan vurublar. Bu vandalizm aktları təkcə Azərbaycanın deyil, ümumilikdə regionun ekosisteminə təsir göstərib. Hazırda biz həmin ərazilərdə təbiətin bərpası və ekoloji mühitin yenidən formalaşdırılması üçün ciddi işlər həyata keçiririk. Qərbi Azərbaycan məsələsi beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olmalı və ekoloji vandalizmə qarşı vahid mövqe sərgilənməlidir.”

Konfrans çərçivəsində alimlər və mütəxəssislər ekoloji problemlər, iqlim dəyişikliyi, yaşıl iqtisadiyyat və süni intellektin ekoloji təsirləri kimi müxtəlif mövzularda məruzələrlə çıxış etdilər. Azərbaycan və Türkiyədən gələn məruzəçilər qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə ölkələrinin gördüyü işləri geniş şəkildə təqdim etdilər.

Müzakirələr zamanı iştirakçılar ekoloji problemlərin həlli yolları, dayanıqlı inkişaf, ətraf mühitin qorunması və beynəlxalq əməkdaşlıq mövzularında yeni yanaşmalar və təkliflər irəli sürdülər. Tədbir Azərbaycanın ekoloji problemlərin həllinə qlobal səviyyədə töhfə vermək potensialını nümayiş etdirdi.

Konfrans, həmçinin iştirakçılar arasında elmi və praktiki təcrübə mübadiləsi üçün mühüm platforma rolunu oynadı.

Anar Əli,
XQ





Sosial həyat