Mamuka Mdinaradze: Azərbaycan ilə münasibətlərimiz ən yüksək səviyyədədir

post-img

Azərbaycan Gürcüstan üçün daimi dost ölkədir. Bizim münasibətlərimiz ən yüksək səviyyədədir.

Bu sözləri Gürcüstan parlamentində çoxluğun lideri Mamuka Mdinaradze AZƏRTAC-ın müxbirinin sualını cavablandırarkən söyləyib.

Onun sözlərinə görə, “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının hakimiyyətdə olduğu dövrdə elə bir gün olmayıb ki, bu əlaqələr ən üst səviyyədə olmasın. Bu gün də belədir.

"Mən bunun üçün Azərbaycan hakimiyyətinə, şəxsən Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm", - deyə Mdinaradze vurğulayıb.

O deyib: "Biz bu əlaqələrə daim öz dəstəyimizi göstərəcəyik. Gürcü cəmiyyəti ilə Azərbaycan cəmiyyətinin dostluğu davam edəcək".

Sabiq Prezident Salome Zurabişvilinin hakimiyyətdə olduğu dövrdə fəaliyyətini tənqid edən M.Mdinaradze deyib: "Mən onun haqqında detallı şəkildə danışmaq istəmirəm. Çünki o, bizim əlaqələrimizə heç bir mənfi təsir edə bilmədi. Bizim münasibətlərimiz güclənir, inkişaf edir və əsrlər boyu belə davam edəcək. Azərbaycan və Gürcüstan bir-birlərinə etibarlı tərəfdaşdırlar".

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Sosial həyat