Soydaşlarımız təyyarə qəzasında həlak olanları anır

post-img

Bakı-Qroznı reysini yerinə yetirən Azərbaycana məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insanın həlak olması səbəbi ilə dekabrın 26-da Prezident İlham Əliyevin Sərəncamı ilə matəm elan edilib. Bununla əlaqədar, xaricdə yaşayan soydaşlarımız, diaspor təşkilatları və fəalları müxtəlif ölkələrdə qəzada həlak olanların xatirəsini anmaq üçün tədbirlər keçirirlər.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) üzvləri, diaspor təmsilçiləri, Türkiyədə fəaliyyət göstərən azərbaycanlı sənət adamları, şirkət rəsmiləri, ictimaiyyət nümayəndələri həlak olanların xatirəsini anmaq üçün AZAL-ın İstanbuldakı baş ofisinin qarşısına gəlib. Binanın önünə əklil qoyulub, qara lentlər asılıb, faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Həlak olanların ailələrinə başsağlığı verib, yaralılara tezliklə sağlamlıq arzulayıblar.

Praqanın Köhnə Şəhər Meydanında "Land of Fire" təşkilatı tərəfindən anım guşəsi yaradılıb. Çexiyada yaşayan soydaşlarımız guşənin qarşısına qərənfillər düzüb, faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib, yaralananlara şəfa diləyiblər.

Misir-Azərbaycan Dostluq Cəmiyyətində soydaşlarımız, cəmiyyətin nəzdindəki kurslarda təhsil alan misirli və xarici tələbələr həlak olanların xatirəsinə hörmət əlaməti olaraq yaradılan anım guşəsinə güllər düzüblər.

Almaniyanın Münster şəhərində Avropa Azərbaycan Mərkəzinin təşkilatçılığı ilə keçirilən anım tədbirində Dövlət Himnimiz səsləndirilib, həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir iştirakçıları hadisə nəticəsində həlak olanların ailələrinin və yaxınlarının kədərinə şərik olduqlarını bildiriblər.

Niderland Azərbaycan-Türk Kültür Dərnəyinin binasında matəm günü ilə əlaqədar bayraqlar yarıya qədər endirilib. Həmin ölkədəki soydaşlarımız faciə qurbanlarını ehtiramla anıblar.

MADANİ Platform və Brüssel azərbaycanlıları Azərbaycanın Belçikadakı səfirliyinin önündə qəza qurbanlarını anıb, xatirə kitabına ürək sözlərini yazıblar.

Kanadada yaşayan soydaşlarımız Torontoda “Azərbaycan Evi” və “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzində yaradılmış guşəni ziyarət edərək gül dəstələri düzüb, şamlar yandırıblar.

Anım tədbirlərinin iştirakçıları Prezident İlham Əliyevin təyyarə qəzasının səbəblərinin araşdırılması və onun ağır nəticələrinin aradan qaldırılması ilə əlaqədar atdığı çevik addımları, qəbul etdiyi qərarları dəstəklədiklərini bildiriblər.







Sosial həyat