Bakı-Qroznı marşrutu ilə hərəkət edən AZAL şirkətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması və insan tələfatı ilə bağlı Azərbaycanın Özbəkistandakı səfirliyində xatirə kitabı açılıb.
Səfirliyimizin və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) əməkdaşları, paytaxtdakı diasporumuzun üzvləri xalqımıza başsağlığı verib, xatirə kitabına ürək sözlərini yazıblar.
Dekabrın 26-da Bakı vaxtı ilə saat 12:00-də, Özbəkistan vaxtı ilə saat 13-də təyyarə qəzasında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Səfirliyimizin müşaviri Mahir Cəfərov Bakı-Qroznı marşrutu ilə hərəkət edən təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması, həlak olanlar və sağ qalanlar haqqında danışıb, qəzada ölənlərin ailələrinə, doğma və əzizlərinə başsağlığı verib.
Azərbaycanın Özbəkistandakı Hərbi Attaşelik Aparatının rəhbəri, polkovnik Samir Əfəndiyev və AMM-nin əməkdaşı Salama Fətəliyeva bu ağır qəzada yaralananların tezliklə sağalmasını, öz ailələrinə qayıtmasını arzulayıblar.
Səfirlikdən bildiriblər ki, dekabrın 27-də də Özbəkistandakı səfirlər və digər diplomatlar səfirliyə gələrək başsağlığı verəcəklər.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd