Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Mingəçevir bölməsinin 25 illiyi münasibətilə yubiley mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, Milli Məclisin deputatı Aydın Mirzəzadə, filologiya elmləri doktoru, professor Rüstəm Kamal və başqa qonaqlar Mingəçevir ədəbi mühiti, bölgədə yaşayıb yaradan söz adamları və onların yaradıcılıq yoluna nəzər salıblar. Müxtəlif illərdə nəşr olunmuş “Aranın söz sovqatı”, “Uzaqdan gələn səs”, “Bir ocağın şöləsiyik” və “Ruhumuzun yaz havası” almanaxları barədə fikirlərini bölüşüblər.
Həmçinin, çıxışlarda qeyd olunub ki, Mingəçevir haqqında düşünəndə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri olmuş Mikayıl Müşfiq və Səməd Vurğunun nur şəhərinə həsr etdikləri poemalar yada düşür. Bölgənin yaradıcı ziyalıları həmin ənənəni yaşadır və yeni əsərlər, şeirlər yazıb yaradırlar.
Ədəbi-bədii gecədə AYB-nin Mingəçevir bölməsinin gənc yazarları - Elçin Məhərrəm, Nicat Hunalp və Şamil Həsən də iştirak ediblər.
Sonda, tədbir iştirakçılarına yubiley münasibətilə yeni işıq üzü görmüş “25-ci addım” söz sovqatı və “Söz yaddaşı” almanaxı paylanılıb.
Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin rəhbəri İsmayıl İmanzadə XQ-ə müsahibə verib:
- Vaxtilə yerli qəzetlərin heç birində bir dəfə də olsun imzaları getməyən söz adamlarını bu bölmədə bir araya gətirdik. Bu, təkcə mənim yox, Mingəçevir ədəbi ictimaiyyətinin nailiyyətidir və şəhərimizin yaradıcı adamlarına verilən dəyərdir. Bu 25 il ərzində həmişə işçilər arasında zarafatla bu cümləni işlədirəm: “Mingəçevirin adını Azərbaycanın ədəbi xəritəsinə həkk elədiyinizə görə, sizlərə minnətdaram”. İstedadlı yazarlarımızın xeyli hissəsi Yazıçıla Birliyinin üzvüdür. Kimlər layiqdirsə, onlar da birliyə üzv qəbul olunublar. Belə bir təşəbbüsün irəli sürülməsi, həyata keçməsi və bütün bu proseslər bütöv Azərbaycan ədəbiyyatının uğurudur.
Fidan SALMAN
XQ