Dekabrın 24-də Azərbaycan Milli Xalça Muzeyində Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi, Azərbaycan tarixində həm dövlətçilik ənənələrinin, həm də milli kimliyimizin qürur mənbəyidir. 100 il əvvəl, 1924-cü ildə Naxçıvan Muxtar Respublikasının yaradılması ilə bu torpaqların hüquqi statusu təsbit edilib, Azərbaycanın ayrılmaz bir hissəsi kimi möhkəmləndirilib. Bu, təkcə hüquqi deyil, eyni zamanda tarixi bir zəfər idi.
Bildirilib ki, bu gün Naxçıvanın əldə etdiyi nailiyyətlər Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində mümkün oldub. Cənab Prezident İlham Əliyev Ulu Öndərin siyasi xəttini uğurla davam etdirərək Naxçıvana xüsusi diqqət göstərdirir. Naxçıvanda həyata keçirilən infrastruktur layihələri, sənaye parklarının yaradılması, qəbul edilən dövlət proqramları, beynəlxalq miqyasda Naxçıvanın tanıdılmasına böyük töhfələr verib.
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın milli-mədəni irsimizin qorunması və dünyada tanıdılması sahəsində xidmətlərindən danışan Samir Seyidəhmədli qeyd edib ki, onun təşəbbüsü ilə Naxçıvanın mədəni irsi beynəlxalq tədbirlərdə təbliğ olunur, abidələrimiz qorunur və gələcək nəsillərə ötürülür.
Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini Səadət Yüsifova çıxış edərək bildirib ki, Naxçıvanın tarixi rolunu vurğulamaqla yanaşı, onun zəngin mədəni irsini də xüsusi qeyd etməliyik. Bu irsin yaşadılması, qorunması və gələcək nəsillərə ötürülməsi sahəsində görülən işlər hər zaman diqqət mərkəzində olub. Bu gün təqdimatı keçirilən "Naxçıvan Muxtar Respublikası 100" xalçası da bu zəngin mədəniyyətin simvollarından biridir. Xalçanın eskizində qədim Naxçıvan Xalça Məktəbinə aid ənənəvi elementlər, memar Əcəminin Möminə Xatın türbəsindəki ornamentləri və əzəmətli Haçadağın təsviri ustalıqla əks etdirilib.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Azərbaycanın tarixi yaddaşında mühüm yer tutur. Naxçıvan təkcə coğrafi baxımdan deyil, həm də milli-mədəni irsin beşiyi kimi Azərbaycan xalqı üçün əvəzolunmaz əhəmiyyət daşıyır. Naxçıvanın 100 illik yubileyi çərçivəsində keçirilən bu kimi tədbirlər tariximizi, mədəniyyətimizi və ənənələrimizi gələcək nəsillərə ötürmək baxımından böyük əhəmiyyət kəsb edir.
Çıxışlardan sonra xalçanın toxunması ilə bağlı videoçarx nümayiş etdirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyinin əməkdaşları tərəfindən Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyi münasibətilə toxunmuş xalçanın təqdimatı və ənənəyə uyğun kəsimi həyata keçirilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə toxununan xalçanın eskizinin müəllifi Naxçıvan Xalça Muzeyinin direktoru Ülviyyə Məmədova, toxucuları isə muzeyin tərtibatçı rəssamları Gülsüm Kəngərli və Rübabə Əliyevadır.
Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının kollektivi və Azərbaycan Respublikasının əməkdar artisti Nuriyyə Hüseynova konsert proqramı ilə çıxış ediblər.
Sonda muxtar respublikanın muzey fondlarına aid maddi mədəniyyət nümunələrindən ibarət sərgiyə baxış keçirilib.
XQ