Dünyanın gərgin siyasi mənzərəsi fonunda Azərbaycanda ictimai-siyasi sabitlik hökm sürür. Bu, Azərbaycan Prezidentinin müdrik daxili və uzaqgörən xarici siyasətinin bəhrələridir. Dini-mənəvi sahədə uğurlarımız dövlətimizin dünyaya örnək multikultural siyasi xətti, dinlərarası əməkdaşlıq, məzhəblərarası anlaşma mühiti ilə bağlıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə dekabrın 23-də Bakıda keçirilən “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda Azərbaycan Din Xadimlərinin Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, dövlət başçımızın qlobal ideya və insan həmrəyliyinə xidmət edən müdrik təşəbbüslərinin təbliği yönündə din xadimlərinin fəallığı, cəmiyyətin həyatında yaxından iştirakı önəmli məsələlərdəndir. “Azad olunmuş torpaqlarımızda yenidən inşa olunmuş məscidlərimizdə ucalan azan səsləri qürur mənbəyimizdir. Yeni məscidlərdə fəaliyyətə başlayan din xadimlərimiz sıralarımızı genişləndirir. Dövlət əhəmiyyətli bayramlar və günlər məscidlərdə moizələrdə yüksək səviyyədə təşviq olunur. İmam Hüseyn əleyhissalamın və Əhli-Beytin, Vətən və şərəf uğrunda canından keçən bütün şəhidlərimizin ehtiramla yad edildiyi ənənəvi Aşura mərasimlərində təşkil etdiyimiz qanvermə aksiyaları ictimaiyyət tərəfindən yüksək təqdir olunur. Məhərrəmlik tədbirlərində və Ramazan dönəmində məzhəbindən asılı olmayaraq, vəhdət halında iştirakımız milli-mənəvi vəhdətimizin təzahürü olub milli dövlətçiliyimizə xidmət edən mühüm amildir. Təsadüfi deyil ki, ölkəmiz dünyada dinlərarası və məzhəblərarası anlaşmanın nadir nümunəsinə malik dövlət kimi tanınır və təqdir edilir”, - deyə şeyxülislam qeyd edib.