Paytaxtın bayram hazırlıqları

post-img

Təqvimin son vərəqləri qopub düşdükcə ixtiyar çağlarını yaşayan qocalar həmişə deyirlər: “Ömrümüzdən bir il də keçdi...”. Bəli, daha bir il başa çatır, yaşımızın üstünə daha bir yaş gəlir.

İlin sona çatmağı həm də təqvim ilinin dəyişməyi, yenilənməyi deməkdir. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ölkəmizdə dalbadal qeyd olunur. Hazırda bu iki bayram münasibətilə şəhərdə böyük hazırlıq və coşqu var. Hamı yurdumuza yeni qədəm basan Yeni ili xoş və unudulmaz əhval-ruhiyyə ilə qarşılamağa hazırlaşır. Xüsusilə paytaxtın Fəvvarələr meydanında və Dənizkənarı bulvarda bayramı qarşılamaq üçün xeyli iş görülüb. Yeni il yolkalarından ən hündür olan ikisi məhz Bakı Bulvarı ərazisində bəzədilib. Onların hündürlüyü, təxminən, 20 metrə yaxındır.

Kukla Teatrının yaxınlığındakı hissədə Yeni il yarmarkasının fəaliyyəti nəzərdə tutulub. Həmin hissə də bu il xüsusi tərtibatla hazırlanıb və Dənizkənarı Milli Parkın ziyarətçilərinin xüsusi marağına səbəb olub. Burada hər şey bayrama köklənib: 2025-ci ilin gəlişini xəbər verən afişalar, müxtəlif yerlərdə quraşdırılmış ulduzcuqlu qüllələr, sayrışan işıqlar, xüsusi işıqlarla bəzədilmiş yolkalar, habelə rəngbərəng lampaların altında alışıb yanan müxtəlif fiqurlar, şamlar, əyləncəli yeni il qatarları, faytonlar, bəzəkli köklər, satış yarmarkaları...

Hər gün axın-axın insanlar, uşaqlar, valideynlər paytaxtın bayram libası geymiş həmin ərazilərinə gəlir, Şaxta baba, Qar qızla görüşür, şəkil çəkdirir, yeni il hədiyyələri alırlar. Hamı çalışır ki, builki bayram təəssüratı onların yaddaşında ən xoş hisslərlə yaşasın və hamı gələn ilin həyatımızda ən uğurlu illərdən biri olmasını arzulayır.

Süleyman QARADAĞLI

Sosial həyat