Novxanıdakı Neon Sənəti Muzeyinin nağıllar dünyası
Hər hansı bir görüntü işığa möhtacdır. Novxanıdakı Neon Sənəti Muzeyində isə əksinədir. Burdakı gözəlliyi görmək, duymaq və zövq almaq üçün işıqdan çox, qaranlığa ehtiyac duyulur.
Qapıdan içəri girən kimi müxtəlif naxışlarla qarşılaşırsan. Hətta giriş qapısı və divarlar da rəngarəng təsvirlərdən ibarətdir. Bayırda isə general Həzi Aslanovun, memar Əcəmi Naxçıvaninin, Xalq yazıçısı İlyas Əfəndiyevin heykəlləri ilə üzləşirsən. Ev olsa da, qeyri-adiliyi, həm də sənət ocağı olduğu elə bu ilk tanışlıqdan da hiss edilir.
Paytaxtın Novxanı qəsəbəsində fəaliyyət göstərən ev-muzeyin yaradıcısı nəqqaş-rəssam Fərid Ələkbərov öz ideyasının başlanğıcından danışaraq dedi:
– İşləmək üçün məni Laplandiyaya dəvət etmişdilər. Orada olarkən qütb işıqlarını gördüm. Şimal işıqlarının şüaları altında ətrafda hər şey əsrarəngiz görünürdü. Onda ağlıma gəldi ki, rənglərin və işıqların köməyi ilə belə bir sənət əsəri yaratmaq olar. O vaxtdan qaranlıqda işıq mövzusunun aludəçisi oldum. Uzun müddət qaranlıqda parıldayan rəngləri axtarmağa başladım.
Neon piqmentlərinin müxtəlif istehsalçıları ilə işlədim və Qırmızı dənizin qaranlıqda parlayan orqanik mərcanları əsasında hipoallergik boya yaratdım. Boya son dərəcə ekolojidir, iysiz və rəngsizdir, üstəlik, qeyri-adi dərəcədə dayanıqlıdır. Muzeyin yaradılmasına 7 il vaxt sərf etdim və artıq uzun illərdir ki, art-muzey öz qapılarını sənətsevərlərin üzünə açıb.
Fərid Bakıda rəssam ailəsində doğulub. Onun atası Kamal Ələkbərov Xalq rəssamıdır. Böyük qardaşı Camal da ata sənətinin davamçısıdır. O, gözünü dünyaya açanda evdə rənglər görüb. İlk dəfə əlinə fırça götürəndə 3 yaşı olub. Bu sahədə təhsil alıb, rəsm və rəsmxət müəllimi, şüşə və keramika ustasıdır. Şərqdə incəsənətin bu unikal istiqamətində işləyən yeganə rəssamdır.
Muzeyə daxil olan kimi divarda çərçivə içində rəsmlər və güzgü, güzgüdən baxanda qarşıdakı divarda ingilis dilində yazılmış sözlər diqqəti çəkir. “Sehrə inanmayanlar onu heç vaxt tapmayacaqlar”.
Neon sənəti özündə təsviri sənətin müxtəlif növlərini – heykəltaraşlıq, metal üzərində naqqaşlıq, rəssamlıq və s. birləşdirir. Bu sənət neon boyasının parlaq işıqları altında əks olunması effektinə əsaslanan boya sənətidir. Burada işıq illüziyası və 3D effektinin köməyi ilə divarda əks olunan şəkillər canlandırılır.
Birinci mərtəbədəki otaqlardan biri uşaq otağı adlanır. Burada gül, balina təsvirləri, müxtəlif mistik obrazlar nümayiş olunur. Venera, Merkuri, Mars və Günəş təsvirləri də qaranlıqda xüsusilə baxımlı görünür. Tavanda səma və ulduz təsvirləri, döşəmə də bir növ elə şimal qütbündəki əsrarəngiz mənzərəni xatırladır. Rəssamın oğlu Rəhimin 6 yaşında ikən çəkdiyi ürək, qızı Jasminin əl işi olan fil təsvirləri də otaqda nümayiş olunur. Burada rəssamın tələbələrinin də əl işləri var.
Psixoloji otaqda da çoxlu təsvirlər nümayiş olunur. Ozon dəliyi, abstrakt formada çəkilmiş tısbağa təsviri ultrabənövşəyi şüaların altında çox maraqlı görünür. Otaqdakı “Limonlar” əsəri isə bir növ psixoloji test xarakteri daşıyır. Həmin şəklə baxanlar limonların düzülüşünü sabit vəziyyətdə görürlərsə, bu, onlarda əsəblərinin sakitliyini, hərəkətli şəkildə görürlərsə, əsəbi olduqlarını bildirir. Şəkillərdən birində qaranlıqda gecə peyzajı təsiri oyadırsa, işıqları yandıranda gündüz təsviri göz önünə gəlir.
Mətbəx otağında döşəmə xalça formasında trafaretlərlə, şkafların üzəri isə ornamentlərlə işlənib. Məişətdə istifadə edilən əşyaların hamısı neon rəngdədir. Seramik qablar üzərindəki rəsmlər isə adi işıqda görünməsə də, qaranlıqda gözəl mənzərə yaradır. Soyuducunun qapısı üzərində dəniz krablarının neon boyaları ilə işlənmiş təsvirləri var. Uşaqlar otaqda fosforlu fonda öz siluetlərini və ya əllərinin formasını çıxara bilərlər.
Hamam otağında dekorativ rəsmlər daha çoxdur. Uşaqların diqqətini cəlb etmək üçün parlaq şar, top və müxtəlif dekorasiyalardan istifadə olunub. Hətta vanna, unitaz və zibil qabı üzərində də ultrabənövşəyi şüaların altında maraqlı təsvirlər görünür.
Dəhlizdə ikinci mərtəbəyə çıxmaq üçün olan pilləkənlər də neon boyalarla rənglənib və işıq saçır. Təbiət otağında rəssamın akril və neon boyaları ilə gözəllik yaradan fırçaları da eksponatlar arasındadır. Otaqda başqa təsvirlər də var. Divarlarda təbiət lövhələri, ağaclarda meyvə, çiçək təsvirləri, Qobustan qayaları, yapon heroqrifləri...
Enerji otağında əsasən qadın obrazları üstünlük təşkil edir. Burada rəssamın atasının gipsdən ürək formasında hazırladığı heykəl nümayiş olunur, ürəyin içərisində o, öz həyat yoldaşının üzünü təsvir edib. Divarda isə iki qadın təsviri var – biri mələyi, digəri şeytanı təmsil edir. Dua edən qadının obrazı da çox baxımlı və təsirlidir. Otaqda son dərəcə canlı təsir bağışlayan 3D effektində işlənmiş çiçək təsviri çox baxımlıdır. Qəhvə dənələri ilə işlənmiş dünya maketi də bu otaqdadır. Enerji otağının digər romantik tərəfi isə yerdə payız yarpaqlarının əks olunmasıdır.
“Farhouse” - Neon Sənəti Muzeyinin ən alt mərtəbəsi bir növ emalatxananı xatırladır. Cins şalvarlardan hazırlanmış divan üzlüyü, rəngli kağızlardan hazırlanmış saat təsviri, eləcə də kətan üzərində işlənmiş nar təsviri işıq yandırıb baxanda heyva təsviri kimi göz oxşayır. Gipslə işlənmiş rəsmlər də neon işığı altında çox baxımlı təsir oyadır. Keramikdən hazırlanmış daş, cam, bardaq və digər məişət əşyaları və onların üzərindəki təsvirlər, qədimi əşyaların, yazı makinası, telefon, radio və televizorların üzərində neon boyalarla müəyyən elementlər də heyrətamizdir. Rəssam işini bitirdikdən sonra əllərindəki boya izlərini pərdələrə hopdurur və maraqlıdır ki, onun özü də qeyri-adi görünüş yaradır.
“Farhouse”də hazırda 348 eksponat nümayiş olunur. Lakin onların sırasına tez-tez yeni əsərlər əlavə edilir, fərqlilik olsun deyə bəzi eksponatların yerləri dəyişilir. Burada rəssamın dostlarının çəkdiyi rəsmlər də var. Muzeydə orta məktəb şagirdləri və azyaşlı uşaqlar üçün hər gün ustad dərsləri təşkil olunur və onlar keramika, taxta və kətan üzərində rəsmlər çəkməyi öyrənirlər.
Süleyman QARADAĞLI