Azərbaycan Ağsaqqallar Şurasının Gəncədə konfransı keçirilib

post-img

Azərbaycan Ağsaqqallar Şurasının artıq ölkəmizin 79 şəhər və rayonunda fəaliyyət göstərən yerli təşkilatları mütəmadi olaraq bir sıra vacib, aktual məsələlərlə bağlı geniş tədbirlər keçirirlər. “Azərbaycan cəmiyyətində qadınların rolu və gənclərin tərbiyəsində analar qarşısında duran əsas vəzifələr” mövzusunda növbəti belə bir əhəmiyyətli tədbir Gəncə Şəhər Ağsaqqallar Şurasının, Şəhər İcra Hakimiyyətinin, Azərbaycan  Dövlət Aqrar Universitetinin (ADAU), Gəncə Dövlət Universitetinin (GDU), Azərbaycan Texnologiya Universitetinin (ATU), Gəncə Tibb və Regional kolleclərinin  birgə təşkilatçılığı ilə  keçirilib.

ADAU-da baş tutan konfransda Azərbaycan Respublikasının Dövlət Himni oxunduqdan sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbir iştirakçılarını salamlayan Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov giriş nitqində qadınlarımızın cəmiyyətdə gündən-günə artan əhəmiyyətli rolundan ətraflı bəhs edib. Vurğulayıb ki, Azərbaycan qadını müqəddəs analıq missiyasını yerinə yetirməklə yanaşı, nüfuzlu ictimai-siyasi xadim, uğurlu iş adamı, yüksəkixtisaslı peşəkar mütəxəssis kimi də bir çox sahələrdə öz sözünü deyir. O, həmçinin, cəmiyyətimizdə mövcud olan problemlərdən də bəhs edərək Azərbaycan qadınlarının boşanmaların, erkən nikahların, məişət zorakılığının, narkomaniyanın və digər zərərli vərdişlərin qarşısının alınmasında daha yaxından iştirak etmələrinin zəruriliyini vurğulayıb.

Tarix boyu ismət, namus, qeyrət, zəka, mərdlik və nəciblik simvolu olan Azərbaycan qadınlarının həyatımızdakı rolunu yüksək qiymətləndirən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov öz çıxıında bildirib ki, məhz anaların fədakar əməyi, düzgün tərbiyəsi sayəsində  bugünkü cəmiyyətimiz, xüsusilə də vətənpərvər gənc nəsil, torpaqlarımızı erməni işğalından azad edərək bizə böyük Zəfər sevincini yaşadan unudulmaz şəhid və qazilərimiz, qəhrəman gənclərimiz yetişib. «Qadın bəşərə yaraşıq, zinət, insanlığa şərəf, şan-şöhrətdir. Qadın ucalıq, ülvilik mənbəyidir, ismət, qeyrət, qüdrət rəmzidir. Qadınsız cəmiyyət ola bilməz, qadınsız həyat ola bilməz» Ulu Öndər Heydər Əliyevin bu qiymətli fikirlərini xatırladan natiq Ümummilli Liderimizin qadınlara daim yüksək dəyər verdiyini vurğulayıb. Həmçinin bildirib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev də cəmiyyətin əsas dayaqlarından biri olan Azərbaycan qadınının fəaliyyətini daim yüksək qiymətləndirir və onlara dəstək olur. “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkəmizin Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bu gün beynəlxalq aləmdə respublikamızı ləyaqətlə təmsil edir, Azərbaycan qadınının nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirir”, – deyə Bayram Yusifov qeyd edib. Cəmiyyətimizdə mövcud olan problemlərə də toxunan natiq Azərbaycan Ağsaqqallar Şurasının sıralarında görkəmli, nüfuzlu, ziyalı qadınlarımızın, fədakar analarımızın təmsil olunduğunu vurğulayaraq bildirb ki, bu gün bizim hər birimiz övladlarımızı dünyanın ən böyük bəlası olan narkomaniya və digər zərərli vərdişlərdən qorumalı,  erkən nikahların və boşanmaların sayının atmasının qarşısını almaq üçün əlimizdən gələni əsirgəməməliyik.

Konfransda çıxış edən digər natiqlər də cəmiyyətimizin çox dəyərli, əvəzedilməz nümayəndələri olan qadınlarımızın ən böyük ehtirama və sevgiyə layiq olduqlarını vurğulayıblar. Tədbirdə, həmçinin, “Müasir cəmiyyətin sağlamlığının qorunmasında ailənin məqsədyönlü fəaliyyəti” və “Erkən nikahlar, hüquqi aspektlər praktik problemlər” mövzularında məruzələr edilib, müzakirələr aparılıb. 

Konfransın sonunda Gəncə Şəhər Ağsaqqallar Şurası adından səmərəli fəaliyyətləri ilə fərqlənən bir qrup qadına təşəkkürnamələr təqdim olunub.

 

 

 

 

 











Sosial həyat