Azərbaycanın Tacikistandakı səfirliyi tərəfindən Zəfər Günü ilə əlaqədar silsilə tədbirlər çərçivəsində dekabr 5-də Düşənbədə yerləşən “Vətən” kinoteatrında isveçli fotoqraf və rejissor Mikael Silkeberqin Azərbaycan mədəniyyətinin incisi Şuşa şəhərinə həsr olunmuş “Xarı Bülbül” sənədli filmi nümayiş etdirilib.
Səfirlikdən bildirilib ki, nümayişdən əvvəl Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov çıxış edərək, ölkəmizin Vətən müharibəsi nəticəsində qazandığı Qələbədən söhbət açıb, Zəfər Gününün hər bir azərbaycanlı üçün ən əziz bayram olduğunu, Şuşanın işğaldan azad edilməsinin qəhrəmanlıq dastanına çevrildiyini vurğulayıb. Diplomat təqdim ediləcək filmin həsr olunduğu Xarıbülbül və Şuşa şəhəri haqqında qısa məlumat verib.
Səfir, həmçinin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Şuşanın tarixi hissəsini tarix-memarlıq qoruğu elan etməsinin şəhərin abidələrinin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində ciddi addım olduğunu vurğulayıb.
Sonra sənədli film nümayiş olunub.
Tədbir rəsmi ziyafətlə davam edib.
Qeyd edək ki, film Azərbaycanın Tacikistandakı səfirliyinin dəstəyi ilə rus dilinə səsli tərcümə edilib, ingilis dilində altyazı ilə təqdim olunub.