Kişineuda “Xarıbülbül” Azərbaycan-Moldova Dostluq Xiyabanı salınıb

post-img

Moldovanın paytaxtı Kişineuda “Xarıbülbül” Azərbaycan-Moldova Dostluq Xiyabanı salınıb.

AZƏRTAC xəbər verir ki, 2024-cü ildə Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Kişineuda növbəti ağacəkmə aksiyası keçirilərək, “Xarıbülbül” Azərbaycan-Moldova Dostluq Xiyabanı lövhəsi vurulub.

Azərbaycanın Moldovadakı səfirliyi, Kişineu şəhər meriyasi, BMT-nin Moldovadakı rezident əlaqələndiricisinin ofisi və Moldova Azərbaycanlıları Konqresinin birgə təşəbbüsü və təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyasında Kişineunun vitse-meri İrina Qutnik, Moldova Respublikası parlamentinin deputatı Vitali Jakot, Moldovanın Ətraf Mühit Nazirliyinin dövlət katibi Georqi Hajder, ictimai fəallar, diaspor nümayəndələri iştirak ediblər.

Kişineunun Bukuriya küçəsindəki xiyabanda ağacəkmə aksiyası və “Xarıbülbül” Azərbaycan-Moldova Dostluq Xiyabanı lövhəsinin açılış mərasimində çıxış edən Azərbaycanın Moldovadakı səfiri Ülvi Baxşəliyev bildirib ki, bu günlərdə Bakıda işini yekunlaşdıran BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) dünyada iqlim dəyişikliyinə qarşı mübarizəyə öz töhfəsini verib.

“Azərbaycan və Moldova ölkələri arasında əlaqələr getdikcə möhkəmlənir. Moldova Prezidenti Maya Sandunun COP29 konfransında iştirakı buna bariz nümunədir. Bu gün Kişineuda həyata keçirilən bu aksiya da yaşıl həmrəyliyin bariz nümunəsidir. Azərbaycan dövləti iqlim dəyişiklikləri və onun mənfi təsirləri ilə mübarizəyə xüsusi önəm verir və bu istiqamətdə layihələr gerçəkləşdirir”, - deyə səfir əlavə edib.

Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov isə çıxışında bildirib ki, bu aksiyalar dünya birliyinin diqqətini ekologiyaya cəlb etmək baxımından önəmlidir. “Azərbaycanlılar üçün çox rəmzi olan “Xarıbülbül”ün adı verilən bu xiyaban Azərbaycan və Moldova xalqlarının dostluğunu əbədiləşdirəcək və Kişineunun ekoloji rifahına töhfə verəcək. Ümidvaram ki, bizim əkdiyimiz ağaclar kök salaraq Azərbaycanla Moldova arasında olan yaxşı münasibətlər qədər möhkəm olacaq”, - deyə o qeyd edib.

Moldova Respublikası parlamentinin deputatı Vitali Jakot, Moldovanın Ətraf Mühit Nazirliyinin dövlət katibi Georqi Hajder isə çıxışlarında Azərbaycana səfərləri və COP29 iqlim sammitində iştirakları ilə bağlı xoş təəssüratlarını bölüşüb, Azərbaycanın nümayiş etdirdiyi ekoloji problemlərə mütərəqqi yanaşmanı diqqətə çatdırıblar.

Kişineunun vitse-meri İrina Qutnik çıxışında vurğulayıb ki, bu cür aksiyalar şəhərin ekoloji tarazlığının qorunması və abadlaşdırılmasında vacib rol oynayır. O, meriya ilə Azərbaycan diasporu arasında tərəfdaşlıq və dostluq əlaqələrinin inkişaf etdiyini bildirib.

Daha sonra “Xarıbülbül” Azərbaycan-Moldova Dostluq Xiyabanı lövhəsinin açılış mərasimi olub.

Qeyd edək ki, “Xarıbülbül” Azərbaycan-Moldova Dostluq Xiyabanında 40-dan çox ağac əkilib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu





Sosial həyat