Qərbi Azərbaycan abidələri: erməniləşdirilməyə cəhd edilən Tauz-qala

post-img

Abidə Qərbi Azərbaycanın (indiki Ermənistanın) Tovuz mərzi deyilən ərazisində yerləşir. 1995-ci ildə ermənilər tarixi saxtakarlığa yol verərək ərazinin adını dəyişib “Tavuş” adlandırdılar. Tavuş Ermənistan Respublikasının 10 mərzindən biri hesab olunur. Tavuş Ermənistanın şimal-şərqində Azərbaycan və Gürcüstanla sərhəddə yerləşir. Tavuş daha öncə Azərbaycanın Qazax qəzasının tərkibində olub.

Bu barədə AZƏRTAC-a AMEA Tarix və Etnologiya İnstitutunun əməkdaşı Faiq İsmayılov bildirib. Onun sözlərinə görə, abidənin yerləşdiyi ərazinin adı qədim türkcədən tərcümədə dağ üstündə qala mənasını verir - "Tau ust qala". Qalanın adı ərazinin adından götürülərək Tavus adlandırılıb. Bəzi mənbələrdə Qalanı III əsrdə əraziyə köç edən hunlar tərəfindən tikdikləri bildirilir.

“Tauz-qalanın yerləşdiyi coğrafi ərazi keçmiş Şəmsəddil Sultanlığının ərazisi olub. Şəmsəddil sultanlığı 1747-ci ildə yaranmışdı. Ərazisi 4200 verst, əhalisi qızılbaş türk tayfalarından olan zülqədərlərdən ibarət idi. Sultan Allahverdi Zülqədər ilk Şəmsəddil sultanı olub (1747-1761-ci illər). Şəmsəddilin ən qüdrətli sultanı Nəsib sultan olmuşdur (1797-1819). Sultanlığın mərkəzi indiki Tovuz rayonu ərazisindəki Öksüzlü obası olub. Şəmsəddil sultanlığı zaman-zaman Gəncə xanlığına və Kartli çarlığına tabe olsa da, müstəqil siyasət yürüdürdü. Tarixdə Şəmsəddin sultanlığı (mahalı) da adlandırılan Şəmsəddil sultanlığı 1801-ci ildə ləğv edilərək zorla Rusiyanın tərkibinə qatılmışdı”, - deyə o əlavə edib.

Alim vurğulayıb ki, qala strateji əhəmiyyətli ərazidə yerləşir, ətrafı qülləli mühafizə divarları və sıldırım qayalarla əhatələnib. Qalanın daxilində bir neçə inzibati bina və yaşayış evləri olsa da, hamısı ermənilər tərəfindən dağıdılaraq xarabalığa çevrilib. Binaların üzərlərindəki divar yazıları, loqolar və digər bədii daş nümunələri ermənilər tərəfindən çıxarılaraq ya məhv edilib, ya da naməlum istiqamətə daşınıb.













Sosial həyat