COP29 iqlim layihələrinə daha çox maliyyə ayrılmasına əlverişli zəmin yaradır

post-img

Dünya iqlim dəyişikliyinin artan təsirləri ilə üzləşədiyi bir vaxtda sözügedən böhrana qarşı real fəaliyyətə keçməyə təcili ehtiyac var. Çünki iqlim dəyişikliyi artıq uzaq təhlükə deyil, o, bəşəriyyətin faktiki olaraq yaşadığı və miqyası getdikcə genişlənən bir problemdir.  Elə bu kontekstdə  Azərbaycanın  ev sahibliyi etdiyi  BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) dünya ölkələri iqlim böhranına qarşı sözdən əmələ keçməyə dəvət edilir.

İqlimlə bağlı real vəziyyətin təhlili göstərir ki, indidən qəti hərəkətə keçilməsə, dünya ölkələri gələcəkdə iqlim dəyişikliyinə daha çox maliyyə və resurs sərf etməli olacaq.  Bu zaman iqlim böhranının dağıdıcı təsirləri daha  genişmiqyaslı, bəzi hallarda geridönməz xarakter daşıyacaq.  Məhz bu səbəbdən COP29-un əsas məqsədlərindən biri iqlim böhranına qarşı həlledici qərarların qəbulu ilə yanaşı, onların ləngimədən icraya yönləndirilməsidir. COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bu xüsusda bildirib: “COP29 zamanı mühüm məsələləri müzakirə etmək üçün hər cür şərait yaratmağa çalışdıq. Tərəfləri danışmağa, prioritetlərini anlamağa, ədalətli və ambisiyalı həllər tapmaq üçün kollektiv məsuliyyət götürməyə təşviq etdik. Komandamız indi balanslaşdırılmış mətnləri təqdim etmək üçün fikirləri ümumiləşdirir. Biz tərəflərə yekun razılaşmanın əldə edilməsində qərarlı göründüklərinə görə təşəkkür edirik. Hesab edirəm ki, artıq öhdəliklərin ortaya qoyulmasının vaxtıdır”. Bu öhdəliklərin vaxtında və səmərəli icrası məqsədilə müvafiq maliyyənin ayrılması da zəruri şərt kimi çıxış edir. COP29-da bu istiqamətdə artıq mühüm nailiyyətlərə imza atılması iqlim böhranının həllinə ümidləri də artırır.

Qeyd olunmalıdır ki, bərpaolunan enerjidən tutmuş dayanıqlı kənd təsərrüfatına qədər, iqlim layihələrinə sərmayə qoymaq ehtiyacı həmişəkindən daha aktualdır. Hazırda  qlobal temperaturun artması, ekstremal hava hadisələri, quraqlıqlar, daşqınlar və ekosistemlərin dəyişməsi getdikcə daha çox müşahidə olunur. BMT təsisatı olan İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelə (IPCC) görə, mühüm tədbirlər görülməsə, qlobal temperatur yaxın bir neçə onillikdə sənayedən əvvəlki səviyyədən 1,5 dərəcə Selsi yuxarı olacaq. Bu hədd ekosistemlərə və insan cəmiyyətlərinə geri dönməz ziyan vurma riskləri daşıyır.

Bundan əlavə, iqlim dəyişikliyinin nəticələri qeyri-mütənasib şəkildə həssas qruplara, xüsusən də yaşayış vasitələri üçün kənd təsərrüfatı və təbii resurslardan istifadə edən aşağı gəlirli ölkələrdə  olan əhaliyə daha zərərli şəkildə təsir göstərir. Ən yoxsul bölgələr çox vaxt iqlimin dəyişmələrinin nəticələrinin öhdəsindən gəlmək üçün lazımi resurslara malik olmurlar. Onlara müvafiq maliyyə və digər formalarda yardımların edilməsi iqlim böhranının çözümünün mühüm şərtlərindən biri kimi çıxış edir.

Ümumiyyətlə, iqlim layihələrinə sərmayə qoymaq iqlim dəyişikliyi ilə mübarizə və onun mənfi təsirlərini azaltmaq üçün ən təsirli yollardan biridir. İnvestisiya tələb olunan ən kritik sahələrdən biri külək, günəş və su enerjisi kimi bərpaolunan enerji mənbələrinə keçiddir. Qalıq yanacaqlar istixana qazı emissiyalarının əsas drayveridir və iqlim dəyişikliyini yavaşlatmaq üçün onlardan asılılığın azaldılması vacibdir. Bərpaolunan enerji infrastrukturuna investisiyalar karbon emissiyalarını azalda, yeni innovativ sənayelər yarada bilər. O da mühüm məqamlardan biridir ki, bərpaolunan enerji texnologiyalarının dəyəri son on ildə əhəmiyyətli dərəcədə azalaraq onları daha əlçatan və iqtisadi cəhətdən sərfəli edir. Bununla belə, bu texnologiyaların genişləndirilməsi şəbəkə infrastrukturuna əhəmiyyətli investisiyalar, enerji saxlama həlləri üzrə tədqiqatlar  tələb edir. Hökumətlər, biznes qurumları və maliyyə institutları vəsaitlərini nəinki iqlim dəyişikliyini azaldan, həm də dünya miqyasında enerji təhlükəsizliyini təmin edən irimiqyaslı bərpaolunan enerji layihələrinə yönəltmək üçün əməkdaşlıq etməlidirlər. COP29-un əsas məqsədlərindən biri də budur.

Digər mühüm investisiya sahəsi iqlimə davamlı infrastrukturdur. Bu cür layihələrə investisiya qoyuluşu  təbii hadisələr nəticəsində mühüm infrastrukturun məhv edilməsinin qarşısını ala, insanların həyatını xilas edə və iqlimlə bağlı fəlakətlər nəticəsində iqtisadi itkiləri azalda bilər. Bundan əlavə, dayanıqlı kənd təsərrüfatı sistemlərinin inkişafı əsasdır. Quraqlığa davamlı məhsullar, səmərəli suvarma sistemləri və davamlı əkinçilik təcrübələri kimi iqlimə uyğun ağıllı kənd təsərrüfatına sərmayə qoymaq dəyişən iqlim şəraitində ərzaq təhlükəsizliyini təmin etməyə kömək edir.

İqlim layihələrinə investisiya qoymaq təkcə ətraf mühitin qorunması deyil, həm də güclü iqtisadi strategiyadır. Yaşıl iqtisadiyyata keçid bərpaolunan enerji, davamlı kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi kimi sektorlarda milyonlarla yeni iş yeri yaradır. Bundan əlavə, iqlim sərmayələri uzunmüddətli iqtisadi artıma kömək edir.  Məsələn, qlobal bərpaolunan enerji bazarının önümüzdəki illərdə əhəmiyyətli dərəcədə böyüməsi, təmiz enerji texnologiyalarının milyardlarla dollar investisiya cəlb etməsi gözlənilir. Bu, innovasiyalara təkan verir, texnoloji tərəqqiləri təşviq edir və iqtisadiyyatın şaxələndirilməsinə gətirib çıxarır.

İqlim layihələrinə investisiya təhlükəsiz gələcəyin qurulmasına xidmət edən beynəlxalq səy kimi qəbul edilməlidir. Bu investisiyalar təkcə ekoloji böhranı aradan qaldırmır, həm də iqtisadi artım, iş yerlərinin yaradılması və sosial bərabərlik üçün imkanlar verir. İqlim layihələrinə sadiq qalaraq, gələcək nəsillər üçün daha sağlam, daha davamlı planeti miras qoymaq mümkündür. Bu mənada COP29-da əldə olunan nailiyyətlər misilsizdir. Xatırlatmaq lazım gəlir ki, COP29 çərçivəsində keçirilən iqlim məsələləri üzrə biznes, investisiya və xeyriyyəçilik platformasında ümumi aktivləri 10 trilyon ABŞ dolları təşkil edən investorlar ilk dəfə bir araya gəliblər. Onlar özəl kapitalın iqlim bazarlarına yönləndirilməsini sürətləndirmək barədə razılıq əldə ediblər. Bunlar fonunda Asiya İnkişaf Bankı  buzlaqların əriməsi nəticəsində yaranan təsirlərlə mübarizə aparmaq üçün nəzərdə tutulmuş yeni proqrama 3,5 milyard ABŞ dolları ayırdığını elan edib.  Azərbaycanın bank sektoru 2030-cu ilə qədər yaşıl layihələrə 1,2 milyard ABŞ dolları məbləğində vəsait ayırmağı öhdəsinə götürüb. İsveç BMT-nin Yaşıl İqlim Fonduna 730 milyon ABŞ dolları məbləğində ianə ayırdığını açıqlayıb. Bu qəbildən olan çoxsaylı misallar COP29-un böyük uğurlar əldə etdiyini, Bakıda keçirilən tədbirin iqlim investisiyalarının miqdarını sürətlə  artırmağa nail olduğunu göstərir.

Sosial həyat