Gözümüzün nuru sudur, nuru su,
Qoyun qalsın həmişə də duru su!..
Kimin fikri lillənibsə durulsun,
Dərya nədir, damcıya da qıymayın!
Su hardasa, həyat həmin tuşdadır,
(Susuz söz də dil-ağızda turş dadır!)
Su ki axıb hansı səmti tuşladı,
Ordan nə göz,
Nə də ürək doymayır.
Bu torpağı çox bilməyin susuz ha,
Sıxan olsa, daşından da su sızar...
Qayaları su verib çox susuza,
Quraqlığa
Hələ boyun əyməyib...
Su canıdır hər bağçanın, hər bağın,
(Susuz çöl də yazda üzə tor baxıb!..)
Su canıdır axı ana torpağın,
Bulanmağa,
Bulanmağa qoymayın!..
Ələsgər ƏLİOĞLU