Özbək dostlar DOST Mərkəzində
COP29-da iştirak etmək üçün ölkəmizdə səfərdə olan Özbəkistanın “Beynəlxalq İnklüziv HUB” təhsil mərkəzinin direktoru Mədinə Bədəlovanın başçılıq etdiyi nümayəndə heyəti DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olub.
Qonaqlara məlumat verilib ki, mərkəz Cənubi Qafqazda ilk və ən böyük inklüziv müəssisədir. Mərkəzin əsas məqsədi əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar və digər həssas qruplara aid şəxslərin istedad və bacarıqlarının inkişafına, onların reabilitasiyası və cəmiyyətə inteqrasiyasına dəstək olmaqdır.
Yaradıcılıq studiyalarında təlim prosesini izləyən qonaqlar mərkəzdə və “DOST evi” filialında hazırlanan əl işləri, o cümlədən ətraf mühitin mühafizəsi, eləcə də “Yaşıl dünya naminə həmrəylik ili” mövzusunda təlimçi və benefisiarların ərsəyə gətirdikləri sənət nümunələrindən ibarət sərgiyə baxıblar.
M.Bədəlova “Beynəlxalq İnklüziv HUB” tərəfindən davamlı həyata keçirilən ekoloji təşəbbüslər barədə məlumat verib. HUB-ın eko-fəallarının COP29 tədbirlərində fəal iştirak etdiyini, iqlim dəyişmələri və onun xüsusi qayğıya ehtiyacı olan insanlara təsiri ilə bağlı vacib məqamlara diqqət çəkdiklərini vurğulayıb. Bu layihənin Özbəkistan Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyi, Məktəbəqədər və Ümumi Təhsil, Ali Təhsil, Elm və İnnovasiyalar, Məşğulluq və Yoxsulluğun Azaldılması nazirlikləri və “Zamin“ Beynəlxalq İctimai Fondu tərəfindən reallaşdırıldığı bildirilib.
Həmin unikal platformanın gənclərə keyfiyyətli təhsil almaq, istedadlarını üzə çıxarmaq, reabilitasiya və sosial adaptasiya sahəsində bərabər imkanlar yaratmaq məqsədləri daşıdığı bildirilib. Həssas əhali qruplarına aid şəxslərin cəmiyyətə adaptasiyası sahəsində gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
1 yaşlı “DOST evi”
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı rayonunda yerləşən “DOST Evi” filialının 1 yaşı tamam olub. Ötən dövrdə burada 5 həssas kateqoriyadan olan 30 benefisiar müxtəlif yaradıcılıq istiqamətləri üzrə təlimlərə cəlb edilib. 10 təlim istiqaməti üzrə 6 emalatxananın yaradıldığı müəssisədə benefisarlar dulusçuluq, bədii oyma, dərzilik, xalçaçılıq, un məmulatları emalatxanalarında həmin istiqamətlərdə bacarıqlarını, peşə vərdişlərini təkmilləşdirirlər.
“DOST evi”ndə əhalinin həssas qruplarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində layihələr həyata keçirilib, dövlət və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində 20-dən çox tədbir təşkil olunub. Bu tədbirlərə müxtəlif master-klaslar, infoturlar, konsert proqramları və s. daxildir.
Zərifə BƏŞİRQIZI
XQ