COP29-da iştirakıma görə Bakı Təşəbbüs Qrupuna təşəkkür edirəm. Sent-Martin Assosiasiyası və şəxsən öz adımdan dünyaya mesaj çatdırmaq üçün buraya gəlmişəm. Müstəmləkəçilikdən necə əziyyət çəkdiyimizi beynəlxalq ictimaiyyətə çatdırmaq istəyirəm.
Bu fikirləri COP29-un çərçivəsində Fransa və Niderlandın müstəmləkəsi altında olan Afrika ölkələri və dənizaşırı ərazilərin nümayəndələrinin keçirdiyi “Yaşıl və müstəmləkəsiz dünya naminə həmrəylik” adlı dinc aksiyanın iştirakçısı, “One St Martin” Assosiasiyasının prezidenti Roda Arrindell AZƏRTAC-a müsahibəsində deyib. O bildirib ki, müstəmləkə zülmü altında necə əziyyət çəkdiklərini dünyaya göstərməyə çalışır.
“COP29-a gələndə heç bir gözləntim yox idi. Sadəcə, iştirak üçün gəlmişdim. Ancaq Azərbaycan Prezidentinin bizim Fransa və Niderlandın müstəmləkəsi altında olduğumuzu tanıyan mesajını eşidəndə çox təəccübləndim. Çünki müstəmləkəçi dövlətlər tez-tez adalarımızın müstəmləkə olmadığını söyləyirlər. Onlar deyirlər ki, onların əraziləridir, onların dənizaşırı əraziləridir, onlar bərabərhüquqlu tərəfdaşlardır. Ancaq yerlərdə reallıq çox fərqlidir. Ona görə də COP29-da Azərbaycan Prezidentinin çıxışından ruhlandıq. O, çox yaxşı Liderdir, reallığı öz həmkarlarına deməyə cəsarəti çatan Liderdir, səsimizi eşidən Liderdir”,- deyən R.Arrindell Fransa və Niderland kimi ölkələrin ikiüzlülüyndən şikayətlənib.
“Onlar azad, yaşıl, firavan dünyadan danışırlar, amma əraziləri, zəngin sərvəti olan xalqları müstəmləkə altında saxlayırlar. COP29-da eşitdiklərimiz bizi yaşamağa ruhlandırdı. Bizimlə gələn gənclər həyəcanlıdır. Gənc nəsil müstəmləkəçiliyə qarşı mübarizədə bizimlə birlikdə olacaq”, - deyə o vurğulayıb.